28 debütantın ilk, 20 təcrübəlinin isə Olimpdə növbəti cəhdi

İdman

22.07.2024 13:10

Paris-2024 Yay Olimpiya Oyunlarının startına 4 gün qalıb. 

TodayPress cümə günü start götürəcək dördilliyin ən mötəbər multiidman yarışına lisenziya qazanan 48 idmançımızın Olimpiya keçmişini araşdırıb. 

Fransa paytaxtına yollanacaq idmançılarımızdan 28-i karyerasında ilk dəfə Olimpiadaya qatılacaq. Komandamızın digər 20 üzvü isə bu həyəcanı əvvəllər də yaşayıb.

Ən təcrübəli olimpiyaçımız qadın güləşçisi Mariya Stadnikdir (50 kq). O, 5-ci dəfə multiidman oyunlarında şansını arayacaq. Əvvəlki 4 olimpiadadan güləşçimizin qazancı 2 gümüş və 2 bürünc medal olub. Stadnik London-2012 və Rio-2016 Olimpiadalarında qızılın bir addımlığında büdrəyib. Pekin-2008 və Tokio-2020 Olimpiadalarında isə çəkisinin üçüncüsü olub. 

Olimpiya komandamızın üzvlərindən Hacı Əliyev, Uşanqi Kokauri, Ruslan Lunyov, Rostislav Pevtsov və Anna Skidan 3-cü dəfə ölkəmizi mötəbər turnirdə təmsil edəcək. 

Beş idmançımızdan, yalnız sərbəst güləşçi Hacı Əliyevin (65 kq) aktivində Yay Olimpiya Oyunlarının 1 bürünc və 1 gümüş medalı var. Hacı Rioda üçüncülüklə kifayətlənsə də, Tokioda “qızıl”ı son anda əldən verib. Əliyev Parisdə medal dəstini tamamlamağı qarşısına məqsəd qoyub. 

Digər 14 idmançımız isə 2-ci dəfə olimpiya həyəcanı yaşayacaq. 

Onlardan yunan-Roma güləşçiləri Rafiq Hüseynov (87 kq) və Sabah Şəriətinin (130 kq) hesabında oyunların bürünc medalı var. Hüseynov Tokio-2020-də, Şəriəti isə Rio-2016-da bu mükafata layiq görülüb. 

Daha bir bürünc medala boksçu Alfonso Dominqes (92 kq) sahib çıxıb. O, Tokio Olimpiadasında bu şərəfə nail olub. 

Namiq HUN

tag: Paris-2024, Alfonso Dominqes, Roma, Hacı Əliyev, Uşanqi Kokauri, Pekin 2008, todaypress.az,