Tibbi müayinəyə gəlməyəni 2 ilədək həbs cəzası gözləyir
Hərbi
13.12.2024 15:30
Azərbaycan Respublikası vətəndaşlarının tibbi müayinədən keçməsi (tibbi şəhadətləndirilməsi) hərbi vəzifə sayılacaq.
TodayPress xəbər verir ki, bu, Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Tibbi şəhadətləndirilmə çağırışaqədər yaş həddində olan vətəndaşların, çağırışçıların, hərbi vəzifəlilərin, bu Qanunda nəzərdə tutulan hallarda hərbi vəzifəli olmayanların və hərbi qulluqçuların hərbi xidmətə, o cümlədən ayrı-ayrı hərbi-uçot ixtisasları (ixtisaslar) üzrə xüsusi təyinatlı təhsil müəssisələrində təhsilə (xidmətə) yararlılığının təyin edilməsi məqsədilə sağlamlıq vəziyyətinin, fiziki inkişafının öyrənilməsi və qiymətləndirilməsidir.
Komitədə müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən isə, “çağırışdan boyun qaçırma” dedikdə vətəndaşların üzrlü səbəblər olmadan tibbi müayinəyə (tibbi şəhadətləndirilməyə), müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməməsi başa düşüləcək.
Xatırladaq ki, Cinayət Məcəlləsinə əsasən, qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər müharibə vaxtı törədildikdə üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bundan başqa iclasda sağlamlıq vəziyyətinə görə çağırışa möhlət verilməsi qaydasına da dəyişiklik edilməsi ilə bağlı nitq söylənib.
Belə ki, qüvvədə olan qanuna əsasən, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar 35 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçirilirlər.
Layihəyə əsasən, sağlamlıq vəziyyətinə görə 1 il müddətinədək möhlət verilmiş çağırışçılar möhlət müddəti bitdikdən sonra, dinc dövr üçün hərbi xidmətə yararsız, müharibə dövrü üçün məhdud yararlı hesab edilərək ehtiyata keçirilən vətəndaşlar isə 30 yaşına çatana qədər hər 3 ildən bir təkrar tibbi müayinədən keçiriləcəklər.
Buna əsasən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəyə cəlb proseduru da dəyişir.
Qüvvədə olan qanuna əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılan bütün vətəndaşlar müvafiq icra hakimiyyəti orqanında həkim mütəxəssislər tərəfindən, əlavə tibbi müayinəyə ehtiyac olduqda isə digər müalicə müəssisələrində hökmən tibbi müayinədən keçirilirlər.
Layihəyə əsasən, müddətli həqiqi hərbi xidmətə çağırılmalı olan vətəndaşlar çağırışa 2 ay qalmış müddətdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydada mütləq tibbi müayinədən keçiriləcəklər. “Tibbi müayinəyə cəlb olunan çağırışçılar qanunda nəzərdə tutulmuş qaydada məlumatlandırılacaqlar. Çağırışçılar çağırış vərəqəsində qeyd olunan müddətdə müvafiq tibb müəssisəsinə gəlməlidirlər. Tibbi müəssisələr tərəfindən aparılmış tibbi müayinələrin nəticələri, həmçinin yekun tibbi müayinənin nəticələri elektron formada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə ötürüləcək. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində əlilliyi müəyyən olunmuş çağırışçıların tibbi müayinəsi ilə bağlı müvafiq qərar onların əyani tibbi müayinəsi aparılmadan həmin elektron informasiya sistemində mövcud olan məlumatlar əsasında qəbul ediləcək. Əlilliyi müəyyən edilmiş çağırışçılar barəsində qərarların düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda həmin şəxslər əyani müayinəyə cəlb edildikdən sonra şəhadətləndiriləcək. Tibbi müayinə nəticəsində hərbi xidmətə müvəqqəti yararsız hesab edilənlər dövlət büdcəsinin vəsaiti hesabına (“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta vəsaitləri hesabına) tibb müəssisələrində mütləq qaydada müalicəyə göndəriləcəklər.
tag: Tibbi, Müalicə ,Həbs, Müayinə, todaypress.az,