Təhdidlərə əməllə VERİLƏN CAVAB: “ADEX”də Azərbaycandan dünyaya MESAJ

Hərbi

26.09.2024 14:38

“Müasir müharibələr onu göstərir ki, ölkələrin özlərinin silah sənayesi olmasa, çətinliklərlə üzləşəcəklər. Hətta dünyanın ən böyük silah ixracatçıları belə bəzən silah-sursat satışını dayandıra bilirlər”. 

Bunu hərbi ekspert, ehtiyatda olan polkovnik Rövşən Məhərrəmov TodayPress-ə “ADEX-2024” 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi haqqında münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, hazırda silahlanma yarışı bazarda təlabatı artırıb. Buna görə də, Azərbaycanın silah sənayesini inkişaf etdirməsi son dəcərə vacib və əhəmiyyətlidir.

“Azərbaycan xüsusilə 44 günlük müharibədən sonra silah sənayesinə ciddi önəm verməyə başladı və bu yöndə addımlar atdı. Ölkəmizin yerli istehsalı keyfiyyətinə görə bazarda öz yerini tutur. Hesab edirəm ki, Azərbaycan silahlarına təlabat hər keçən gün daha da artacaq”.

Ekspert “ADEX-2024” sərgisinin Azərbaycan üçün hansı əhəmiyyətlər kəsb etməsindən söz açıb. O, bildirib ki, ilk növbədə cəmiyyət bu sahədə məlumatlanmış oldu. Yəni, insanların beynindəki bütün neqativ suallara aydınlıq gətirildi. Digər bir tərəfdən isə Azərbaycan öz istehsalını bazara təqdim etdi. Artıq silah alan ölkədən, silah satan ölkəyə çevrilirik. Bundan başqa, sərgidə yeni və müasir silah-sursatın yaradılmasına potensialın olduğu da nümayiş etdirildi.

“Nəinki indi, yaxın gələcəkdə dünyada silahlanma davam edəcək, hətta böyük müharibələr də gözləniləndir. Azərbaycana qarşı açıq təhdidlərin olduğunun da şahidiyik. Ona görə də, həm daxili təlabatı ödəmək, həm də bazardakı boşluqdan yararlanaraq iqtisadiyyatı dirçəltmək üçün əla fürsətlər yaranıb. Düşünürəm ki, Azərbaycan bunu dəyərləndirəcək”.

Türkiyənin Azərbaycandakı sabiq hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz isə TodayPress-ə bildirib ki, müdafiə sənayesi dünyada inkişaf etdirilməsi olan ən çətin sahələrdən biridir. Ona görə də beşinci dəfə təşkil edilən “ADEX” sərgisinə bu prizmadan baxmaq lazımdır.

“Bu, Azərbaycanın COP29-da olduğu kimi, müdafiə sənayesi sahəsində də Qafqazın və Türk dünyasının mərkəzi olduğunu göstərdi. Bu sərgidə Azərbaycan istehsal etdiyi minaatanları, topları, pilotsuz dəniz gəmilərini, həmçinin İspaniya ilə birgə hazırladığı zirehli maşınları ölkələrə və dünyaya nümayiş etdirdi”.

Generalın sözlərinə görə, İkinci Qarabağ müharibəsindən sonra Qafqazın regional gücünə və ən qüvvətli ordusuna çevrilən Azərbaycan ordusunun hava qüvvələrinin imkanlarını təkmilləşdirmək, Türkiyə ilə birlikdə köhnə rus təyyarələrini modernləşdirmək, bir tərəfdən də Pakistan-Çin istehsalı olan “JF-17C” təyyarələrinin Bakıya gətirilməsini nümayiş etdirmək sərginin ən yadda qalan hissələri oldu. Prezident İlham Əliyev tərəfindən təyyarənin sınaqdan keçirilməsi isə “ADEX-2024”də xüsusi rol oynadı.

Bundan əlavə, Türkiyə başda olmaqla 20-yə yaxın ölkə ilə hərbi təlim sahəsində əməkdaşlıq məsələləri ilə bağlı məsləhətləşmələr aparılıb və sazişlər imzalanıb. “ADEX-2024”də iştirak edən 218 şirkətin 25 faizinin türklərə məxsus olması Şuşa bəyannaməsində göstərilən yol xəritəsinin yerinə yetirilməsi baxımından əhəmiyyətlidir. Bundan başqa, Türkiyə Müdafiə Nazirliyinin qərargah rəisi, bütün komandirlərin Azərbaycanda olması Türkiyə-Azərbaycan qardaşlığına layiq bir nümunə olub. 

Xatırladaq ki, beşinci dəfə təşkil olunan “ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Sərgi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün səmərəli platforma rolunu oynayır. Bu il yubiley sərgisində daha çox, dünyanın 40-a yaxın ölkəsindən 218-dən artıq şirkət iştirak edib. 

Qeyd edək ki, “ADEX-2024” sentaybrın 24-26 tarixlərində Bakı Ekspo Mərkəzində baş tutub. 

Töhfə Səməd

tag: Azərbaycan ,Sərgi ,ADEX, Silahlar, Texnologiya,

photo
photo