Prezident İlham Əliyevə hərbi nəqliyyat təyyarəsi təqdim edildi - YENİLƏNDİ
İyunun 26-da Heydər Əliyev Beynəlxalq Aeroportunda
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı
İlham Əliyevə İtaliya Respublikasının “Leonardo” şirkətinin istehsalı olan
“C-27J Spartan” tipli hərbi nəqliyyat təyyarəsi təqdim olunub.
TodayPress xəbər verir ki, tədbirdə İtaliyanın
müdafiə naziri Quido Krosetto, İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq
nazirinin müavini Edmondo Çirielli, “Leonardo” şirkətinin prezidenti Stefano
Pontekorvo iştirak ediblər.
Azərbaycan Respublikasının müdafiə naziri
general-polkovnik Zakir Həsənov Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham
Əliyevə raport verdi.
Dövlətimizin başçısına təyyarənin taktiki-texniki
xüsusiyyətləri, istismarı və digər göstəriciləri barədə məlumat verildi.
Bildirildi ki, təyyarə mürəkkəb coğrafi relyef və əməliyyat şəraitində həm
müdafiə, həm də mülki müdafiə tapşırıqlarını yerinə yetirməyə qadirdir.
“C-27J Spartan” tipli təyyarədən hərbi nəqliyyat,
paraşütçülərin və yüklərin havadan atılması, eləcə də tibbi tapşırıqların yerinə
yetirilməsi əməliyyatlarında istifadə olunacaq.
tag: Heydər Əliyev, Prezident, İlham Əliyev, C-27J Spartan, Hərbi Nəqliyyat, todaypress.az,

