Müdafiə Nazirliyində kollegiya iclası keçirildi
Hərbi
03.08.2024 14:34
Müdafiə Nazirliyində 2024-cü ilin birinci yarımilinin yekunlarına dair geniş tərkibli kollegiya iclası keçirilib.
Bu barədə TodayPress-ə nazirlikdən məlumat verilib.
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə videobağlantı formatında keçirilən iclasda Ulu Öndər Heydər Əliyevin və Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Havadarları tərəfindən silahlandırılan Ermənistanın regionda vəziyyəti gərginləşdirmək məqsədilə şərti sərhəddə törətdiyi təxribatlara qarşı bölmələrimiz tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər və mövcud əməliyyat şəraiti təhlil edilib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin Azərbaycan Ordusu qarşısında qoyduğu tapşırıqlar kollegiya iştirakçılarına çatdırılıb.
Ölkə başçısının səsləndirdiyi "Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir" ifadəsini vurğulayan general-polkovnik Z.Həsənov Azərbaycan Ordusunun Ali Baş Komandanın istənilən tapşırığını yüksək peşəkarlıqla icra etməyə qadir olduğunu bildirib.
Nazirliyin rəhbər heyəti geniş məruzələrlə çıxış edib.
Müdafiə naziri silahlanmaya yeni qəbul edilən müasir silah və texnikanın düzgün istismarı və döyüşdə effektiv tətbiqinin öyrənilməsinin vacibliyini qeyd edib.
Müddətli həqiqi hərbi xidmətə yeni çağırılan gənc əsgərlərin fərdi-psixoloji xüsusiyyətlərinin öyrənilməsi, onların adaptasiya prosesinə həssaslıqla yanaşılması, eləcə də sağlamlıqlarının daim diqqət mərkəzində saxlanılması ilə bağlı müvafiq göstərişlər verib.
Ali Baş Komandanın qeyd etdiyi fikirləri bir daha xatırladan general-polkovnik Z.Həsənov istənilən təxribatlara qarşı hər an hazır olmaq, heç kimin bizimlə diktat və ultimatum dilində danışa bilməməsi üçün Azərbaycan Ordusu döyüş hazırlığını və peşəkarlığını daim yüksək səviyyədə saxlamalıdır deyərək müşavirəyə yekun vurub.
tag: Müdafiə Nazirliyi, Ali Baş Komandan, Zakir Həsənov,Hərbi Xidmət, todaypress.az,