Hərbi xidməti başa vuran əsgərlər ehtiyata buraxıldı
Dövlət Sərhəd Xidmətinin struktur qurumlarında və hərbi hissələrində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən müddətli həqiqi hərbi xidməti başa vuran hərbi qulluqçuların Silahlı Qüvvələrin ehtiyatına buraxılması həyata keçirilir.
Bu barədə TodayPress-ə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Hərbi hissələrin Döyüş bayrağının sıra meydanına gətirilməsi ilə başlayan tədbirlərdə Dövlət Himni səsləndirilmiş, Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Bildirilmişdir ki, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı Zəfərdən sonra dövlət sərhədinin mühafizəsi və müdafiəsi kimi ali vəzifəni yerinə yetirmək hər bir sərhədçi üçün böyük qürurdur.
Xidməti borclarını ləyaqətlə başa vuraraq ehtiyata buraxılan müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularına Vətənə sədaqətlə xidmət etdiklərinə və qarşıya qoyulmuş tapşırıqları nümunəvi şəkildə yerinə yetirdiklərinə görə təşəkkür edilmişdir.
Tədbirlərin sonunda xidmətdə fərqlənənlər təltif olunmuş, şəxsi heyətlə xatirə fotoşəkilləri çəkilmiş və sərhədçi əsgərlər təntənəli şəkildə yola salınmışlar.
tag: DSX,Hərbi Xidmət,Ehtiyat,Ordu,Todaypress.az,



