Əsgərimiz odlu silahdan açılmış atəş nəticəsində öldü
Hərbi
14.09.2024 18:28
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi
qulluqçusu, əsgər Bağırov Nurbala Asif oğlunun odlu silahdan açılmış atəş nəticəsində
ölməsi barədə Şəmkir hərbi prokurorluğuna məlumat daxil olub.
Bu barədə TodayPress-in sorğusuna cavab olaraq hərbi
prokurorun böyük köməkçisi - Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri,
baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.
Məlumata görə, daxil olmuş məlumat əsasında Şəmkir
hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun
Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən
hadisə yerinə və meyitə baxış keçirilmiş, iş üçün əhəmiyyət kəsb edən predmetlər
maddi sübut kimi götürülmüş və digər hərəkətlər icra edilib.
Fakt üzrə Şəmkir hərbi prokurorluğunda Azərbaycan
Respublikası Cinayət Məcəlləsinin 120.1-ci (Qəsdən adam öldürmə) maddəsi ilə
cinayət işi başlanılaraq şahidlər dindirilmiş, müxtəlif ekspertizalar təyin
edilərək, icraya yönəldilmiş və təxirəsalınmaz zəruri istintaq hərəkətləri həyata
keçirilib.
"Hazırda istintaq davam etdirilir və
qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən
hər bir əmələ və fakta hüquqi qiymət verilməsi təmin olunacaq" məlumatda
deyilir.
tag: Ordu, Əsgər, Ölüm,Müdafiə Nazirliyi, todaypress.az,