Ehtiyatda olan hərbi qulluqçularla səhra praktiki məşğələləri keçirildi
Müdafiə Nazirliyinin hazırlıq planına uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə tədbirlər çərçivəsində ehtiyatda olan bir qrup hərbi qulluqçu ilə keçirilən təlimdə praktiki məşğələlər keçirilib.
Bu barədə TodayPress-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Təlim proqramına uyğun olaraq ehtiyatda olan hərbçilərlə səhra şəraitində növbəti məşğələlər keçirilib.
Təlim mərkəzində keçirilən məşğələlərdə iştirakçılar Azərbaycan Ordusunun hərbi hissələrinin silahlanmasında mövcud olan atıcı silahların natamam sökülməsi və yenidən yığılması üzrə praktiki bacarıqlarını sınayıblar.
Sonra ehtiyatda olan hərbçilərə ilkin tibbi yardımın göstərilməsi qaydaları öyrədilib, döyüş zamanı yaralıların ərazidən çıxarılması üsulları işlənib. Növbəti mərhələdə ehtiyatda olan hərbçilər müxtəlif atıcı silahlardan və qumbaraatanlardan istifadə etməklə praktiki atışlar həyata keçiriblər.
Təlim zamanı əsas diqqət Azərbaycan Ordusunun arsenalına yeni qəbul edilmiş müasir silah və hərbi texnikanın taktiki-texniki xüsusiyyətlərinin, əməliyyat qaydalarının, habelə döyüş tətbiqi üsullarının öyrənilməsinə yönəldilib, ehtiyatda olan hərbçilər praktiki bacarıqlarını artırıb, bilik və bacarıqlarını təkmilləşdirib, yeni hərbi təcrübəyə yiyələniblər.
tag: Müdafiə Nazirliyi, Təlim,Hazırolma Səviyyəsi, Yoxlanış, todaypress.az,
