Düzgün strategiyanın gətirdiyi uğur - Dünya Ordumuzun qüdrətindən danışır - ŞƏRH

Hərbi

29.10.2024 12:02

“Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü ordularının reytinq siyahısında 29-cu yerdə qərarlaşması təsadüfü deyil”. 

Hərbi ekspert Elxan Şıxəliyev bunu TodayPress-ə açıqlamasında deyib.  

Onun sözlərinə görə, 44 günlük İkinci Qarabağ savaşından sonra Azərbaycan ordusu pilotsuz uçuş aparatları ilə kütləvi şəkildə əməliyyatlar planlayıb həyata keçirən, müharibəni video rejimdə apara bilən ilk ölkə oldu. Reytinq tərtib edilərkən bu xüsusilə nəzərə alınıb:

“Amma ərazimiz və əhalimizin sayını nəzərə alsalar, Azərbaycan bu siyahıda bir çox ölkələrdən daha öndə yerləşməlidir.  

Müharibədən keçən dörd il ərzində müdafiə sənayemiz daha da inkişaf etdirildi. Silahlı Qüvvələrimizin Türkiyə mini-modelinə keçidi üzərindən yeni komanda briqadalarının yaradılması, yeni hərbi texniki avadanlıq, hərbi-texniki təhsil müqavilələri, strateji müttəfiqlərimizlə Türkiyə, Pakistan, İsraillə hərbi-texniki əməkdaşlığımız əsas göstəricilər oldu”.  

Elxan Şıxəliyev sonda əlavə edib ki, hər il Azərbaycan Silahlı Qüvvələrinin müdafiə qabiliyyətinin dəstəklənməsi üçün müdafiə büdcəmiz daha da artırılır. Ortalama dövlət büdcəsinin 17,7 faizə yaxını təhlükəsizliyə ayrılır. Azərbaycan Silahlı Qüvvələrinin müdafiə sənayesi şirkətləri isə dövlət üçün prioritetdir. Ekspert diqqətə çatdırıb ki, Azərbaycan təhdid və təhlükələri nəzərə alaraq yaxın 100 ilin strateji planını hazırlayıb:

“Bu planda əsas hədəf güclü ordu meyarı oldu. Güclü orduya gedən yol Silahlı Qüvvələrin modernləşdirilməsi, hərbi-texniki aviasiya parkının yenilənməsindən, artilleriya vasitələrinin yeni nəsil texnikalarla əvəzlənməsindən keçir”. 

Qeyd edək ki, ABŞ-nin “U.S. News and World Report” nəşri tərəfindən təqdim olunan məlumatlara əsasən, Azərbaycanın Silahlı Qüvvələri dünyanın ən güclü ordularının reytinqində 29-cu yerdə qərarlaşıb.

Günəş Mərd

tag: Ordu, Azərbaycan, Silahlı Qüvvələr, Qarabağ Savaşı, Dünya, Reytinq, todaypress.az,

photo