Dünya hərb tarixinin bənzərsiz əməliyyatı: Suverenliyimizin tam bərpasından 1 il ötdü - ŞƏRH

Hərbi

19.09.2024 08:35

“Antiterror tədbirləri həm Azərbaycanda, həm də dünyada xüsusi əhəmiyyətli əməliyyat kimi hərb tarixində qalacaq”. 

Hərbi ekspert Elxan Şıxəliyev bunu TodayPress-ə danışarkən bildirib. 

Onun sözlərinə görə, ən əsas məsələlərdən biri tədbirlər zamanı heç bir mülki şəxsin hədəfə alınmamasıdır: 

“Bütün hərbi və qeyri-qanuni birləşmələrin müdafiə infrastrukturuna aid olan obyektlər, təxminən 18 minə yaxın qeyri-qanuni erməni birləşməsi bir günün ərzində silahsızlaşdırıldı. Bu zaman Ermənistanın bir mülki şəxsinin burnu belə qanamadı. Antiterror tədbirləri cəmi bir gün ərzində həyata keçirildi. Nəticədə Azərbaycanın üç il müddətində Ermənistandan və Qarabağ separatçılarından tələbi - ermənilərin Azərbaycanlılarla birgə yaşamaq, Azərbaycan ərazilərindən qeyri-qanuni erməni birləşmələrinin çıxarılaması bir gündə həll olundu”. 

Ekspert qeyd edib ki, həm suverenliyimizin bərpası, həm də Qarabağ iqtisadi rayonunun dirçəlməsi baxımından antiterror tədbirləri çox uğurlu olub: 

“Antiterror tədbirləri Rusiya silahlı qüvvələrinin bölgədən çıxarılması, bir hissəsinin Gümrüdəki bazaya köçürülməsi və Xocalıdakı bazanın Azərbaycana təhvil verilməsi ilə nəticələndi. Ən əsası antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsindəki bütün ərazilərimiz Azərbaycanın nəzarətinə keçdi”.

Mövzu ilə bağlı TodayPress-ə danışan politoloq Natiq Miri isə qeyd edib ki, Qarabağda otuz ilə yaxın mövcud olan və beynəlxalq birliyin də qəbul etmədiyi bir seperatçı rejim gerçəkliyi var idi. 

“Bu, bir dövlətin içində qeyri-qanuni yerləşən və onun bütövlüyünü pozan rejim idi. Belə olduğu təqdirdə həmin o silahlı qruplaşma təbii ki, terrorçu ünsür sayılmalı idi. Onlar ermənilərin təhlükəsizliyini təmin etmək adı ilə Azərbaycanlıları öz yurd-yuvasından didərgin salırdı. Bütün sənaye, mədəniyyət, təhsil və digər müəssisələri yerlə-yeksan edirdi. Təbii sərvətlər Azərbaycanın icazəsi olmadan vəhşiliklə istismar olunurdu. Bu və digər amillər antiterror tədbirlərinin keçirilməsini qaçılmaz etdi”.

Analitik vurğulayıb ki, antiterror tədbirləri bir mülki şəxsə zərər dəymədən, beynəlxalq hüquqa tam uyğun şəkildə həyata keçirilib: 

“Qarabağdakı ermənilərin kütləvi olaraq oranı tərk etməsini gördük. Azərbaycan bunu istəmirdi. Bunu istəyən başqa güc mərkəzləri - separatçı rejimin arxasında duran havadarları, Qərbdəki dayaqları və erməni lobbisi var idi. Onlar antiterror tədbirlərindən dərhal sonra təcili olaraq Qarabağdakı bütün ermənilərin oradan çıxmasını tələb edirdilər. Onları inandırmışdılar ki, tezliklə bütün dünyanın təzyiqi ilə geri qayıdacaqlar. Təbii ki, bu baş vermədi. Ona görə bu antiterror tədbirləri bizim gözlədiyimizdən də artıq nəticələr verdi”. 

Qeyd edək ki, 19 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı Ermənistan ordusunun tör-töküntülərinə və separatçılara ağır zərbələr vurub. Düşmənin qüdrətli ordumuzun qarşısında 23 saat 43 dəqiqə dayanmağa gücü çatıb. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim olublar. Bununla da Qarabağda erməni separatizminə son qoyulub.

Günəş Mərd

tag: Azərbaycan ,Ermənistan ,Qarabağ ,Separitizm, Antiterror, todaypress.az,

photo