DSX Xüsusi Məktəbində bayram tədbiri keçirilib
Hərbi vətənpərvərlik ruhunun və sərhədçi peşəsinə marağın artırılması məqsədilə məktəblilər Novruz bayramı ərəfəsində Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbində keçirilən tədbirə dəvət olunub.
Bu barədə TodayPress-ə DSX-dən məlumat verilib.
Əvvəlcə şagirdlər kursantlarla ünsiyyət quraraq məktəbin fəaliyyəti ilə yaxından tanış olmuş, onlar üçün yaradılmış şərait barədə ətraflı məlumat əldə edib.
Xüsusi Məktəbin təlim-tədris prosesi, sinif otaqları, laboratoriyaları və digər inzibati binaları ilə tanış olan şagirdlərə kursantların gündəlik rejimi və sərhədçi kimi formalaşmaları üçün həyata keçirilən tədbirlər barədə məlumat verilmiş, vətənin müdafiəsində sərhədçilərin rolundan danışılmış, dövlət sərhədinin mühafizəsi işini şərəflə yerinə yetirən peşəkar kadrların hazırlanmasında məktəbin əhəmiyyətindən, kursantların qarşısında duran əsas vəzifələrdən bəhs edilib.
Daha sonra məktəblilər və kursantlar birgə nahar etmiş, bayram tədbiri keçirilib.
Tədbirdə Xüsusi Məktəbin şəxsi heyətinə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin Novruz bayramı münasibətilə təbriki çatdırılmış, kursantlar və qonaqlar üçün maraqlı konsert proqramı təşkil olunmuş, müxtəlif musiqi nömrələri, şeirlər, səhnəciklər təqdim edilib.
Tədbir iştirakçıları xoş anlar yaşamış və məktəblilər üçün bu ekskursiya yaddaqalan təcrübəyə çevrilib.
tag: DSX,Xüsusi Məktəb,Novruz,Bayram,Tədbir,Todaypress.az,


