Cənubi Qafqazın lider ordusu: Azərbaycan top 60-lıqda – YENİ REYTİNQ
Hərbi
28.06.2024 10:20
Azərbaycan Silahlı Qüvvələri son 30 il ərzində davamlı olaraq güclənərək və müasirləşərək regionun ən qüdrətli ordusuna çevrilib. Ordumuz müasir döyüşlərin aparılması tələblərinə cavab verən silah-sursat, hərbi texnika və digər vasitələrlə hərtərəfli təmin olunub. Və təsaüdüfi deyil ki, bu gün Azərbaycan dünyada ən yaxşı orduların reytinqində region ölkələrini üstələyərək top 60-lıqda yer alır. "Global Firepower" beynəlxalq şirkətin dərc etdiyi hesabata əsasən Şanlı Azərbaycan ordusu hazırda dünyanın 145 ölkəsinin yer aldığı hərbi güc reytinqində 59-cu sırada qərarlaşıb.
Mövzu ilə bağlı TodayPress-ə danışan hərbi ekspert Elxan Şıxəliyevin sözlərinə görə, Azərbaycan Silahlı Qüvvələri artıq yeni mərhələyə qədəm qoyub. Şuşanın işğaldan azad edilməsi əməliyyatından söz açan ekspert bildirib ki, 44 günlük İkinci Qarabağ müharibəsi və onun nəticələri bütün dünyanın hərbi beyin mərkəzləri tərəfindən hələ də incələnir və təhlil edilir:
“Şuşa” əməliyyatı zamanı xüsusi təyinatlılarımızın 120-130 kilometr məsafədən 60 kiloqramlıq bir yüklə Şuşaya qədər hərəkət edərək, keçilməz qayalardan qalxaraq, 2 min nəfərlə müdafiə olunan Şuşa şəhərini artilleriya dəstəyi olmadan necə azad etməsi üzərində ermənilər hələ də baş sındırırlar. Ələxsus da ilk dəfə olaraq müharibə zamanı pilotsuz uçuş aparatlarından istifadə etməyimiz dünyanın digər ölkələrinin diqqətini özünə çəkdi. Dünya bizdən pilotsuz uçuş aparatları ilə müharibə aparmaq taktikasını mənimsədi”.
Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur. Elxan Şıxəliyevin sözlərinə görə, Azərbaycan və Türkiyə arasında imzalanan “Şuşa” bəyənnaməsi qarşıdakı illərdə bizə tamamilə fərqli bir ordu vəd edir:
“Türkiyə NATO-nun ikinci ən güclü ordusudur. Bizim silahlı qüvvələrimiz artıq NATO standartlarına Türkiyə ordusunun üzərindən keçid edəcək. Bu missiyanın artıq 90 faizini tamamlamışıq. Bu gün silahlı qüvvələrin gücünü qiymətləndirən “Global Firepower” reytinqi Azərbaycan Silahlı Qüvvələrini 145 ölkə arasından 59-cu sırada qərarlaşdırıb. Ermənistan isə bu siyahıda 102-ci yerdədir. 31 pillə fərqi biz yaratmışıq”.
Azərbaycan Ordusu bu gün ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadir bir qüvvədir. Torpaqlarımızı da, xalqımızı da qorumaq iqtidarındadır.
Günəş Mərd
tag: Azərbaycan, Silahlı Qüvvələr Günü, Ekspert, Elxan Şıxəliyev, Ordumuz, todaypress.az,