Azərbaycan Qazaxıstanla hərbi sahədə əməkdaşlığa dair sənəd imzaladı
Qazaxıstanın müdafiə naziri general-polkovnik Ruslan Jaksılıkovun rəhbərlik etdiyi nümayəndə heyəti İyunun 7-də Azərbaycana rəsmi səfər edib.
Azərbaycan Müdafiə Nazirliyindən TodayPress-ə bildirilib ki, general-polkovnik Z.Həsənov qazaxıstanlı həmkarını ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Azərbaycanla Qazaxıstan arasında ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu qeyd edən nazir, hərbi-texniki, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini xüsusi vurğulayıb.
Ölkəmizə səfərindən məmnunluğunu ifadə edən general-polkovnik R.Jaksılıkov səmimi qəbula görə azərbaycanlı həmkarına öz minnətdarlığını bildirib. Bu cür səfərlərin xüsusi əhəmiyyətə malik olduğunu və müdafiə sahəsində əməkdaşlığın hər iki ordunun daha da güclənməsinə xidmət etdiyini qeyd edən nazir, general-polkovnik Z.Həsənovu cari ilin iyul ayında Aktau şəhərində keçiriləcək "Birləşdik - 2024" əməliyyat-taktiki komanda-qərargah təliminin "Yüksək Səviyyəli Müşahidəçi Günü"nə dəvət edib.
Görüşdə hər iki ölkənin hərbi qulluqçularının peşəkarlıq səviyyələrinin daha da yüksəldilməsi məqsədilə birgə təlimlərin keçirilməsinin vacibliyi xüsusi qeyd olunub, qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair geniş fikir mübadiləsi aparılıb.
Görüşün sonunda Azərbaycan Respublikası Hökuməti ilə Qazaxıstan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlığa dair sənəd imzalanıb.
tag: Azərbaycan, Qazaxıstan, Hərbi, Əməkdaşlıq, Görüş, todaypress.az,