Azərbaycan-Çin hərbi əməkdaşlığı müzakirə olundu
Hərbi
14.06.2024 13:26
İyunun 14-də Azərbaycan
Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə
olan Çin Xalq Azadlıq Ordusunun Beynəlxalq Hərbi Əməkdaşlıq Baş İdarəsinin rəis
müavini general-mayor Yao Qinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
TodayPress MN-ə
istinadən xəbər verir ki, əvvəlcə Şəhidlər xiyabanında ölkəmizin müstəqilliyi, ərazi
bütövlüyü uğrunda şəhid olmuş vətəndaşlarımızın məzarları ziyarət edilib, üzərlərinə
gül dəstələri düzülərək xatirələrinə ehtiram nümayiş etdirilib.
Nümayəndə heyətini
salamlayan general-polkovnik Z.Həsənov onları ölkəmizdə görməkdən məmnun
olduğunu bildirib və bu səfərin hərbi əməkdaşlığımıza öz töhfəsini verəcəyini əminliklə
ifadə edib.
Azərbaycan ilə
Çin arasında münasibətlərin müsbət istiqamətdə inkişafında dövlət başçılarının
xüsusi rolunun olduğu diqqətə çatdırılıb.
General-polkovnik
Z.Həsənov uzun illər işğal altında olan torpaqlarımızın Ali Baş Komandanın rəhbərliyi
altında Azərbaycan Ordusunun Qələbəsi ilə nəticələnən Vətən müharibəsindən
sonra azad edilməsinin xalqımız üçün tarixi əhəmiyyətindən danışıb. Qarabağ
iqtisadi rayonunda heç bir mülki əhaliyə və infrastruktura zərər vermədən
keçirilən antiterror əməliyyatından sonra Azərbaycanın ərazi bütövlüyünün tam təmin
edildiyini qeyd edib.
Müdafiə naziri
çinli qonağı Azərbaycan-Ermənistan şərti sərhədində mövcud əməliyyat şəraiti
barədə məlumatlandırıb.
Səmimi qəbula
görə minnətdarlığını bildirən general-mayor Y.Qin hər iki ölkənin orduları
arasında qarşılıqlı təcrübə mübadiləsi, eləcə də münasibətlərin daha da inkişaf
etdirilməsi məqsədi ilə mütəmadi olaraq bu cür görüşlərin keçirilməsinin
vacibliyini diqqətə çatdırıb. Çinli qonaq Azərbaycan Respublikasının müdafiə
nazirini cari ilin sentyabr ayında Pekində keçiriləcək 11-ci Pekin Syanşan
Forumuna dəvət edib.
Çinin Azərbaycanla
birlikdə regionda sülhün və sabitliyin təmin olunması üçün dəstək verməyə hər
zaman hazır olduğu qeyd edilib.
Görüşdə, həmçinin
Azərbaycan və Çin arasında hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində
qarşılıqlı maraq doğuran məsələlər barədə geniş müzakirələr aparılıb.
tag: Mudafiə Nazirliyi, Çin, Hərbi, Ordu, Əməkdaşlıq, todaypress.az,