30 illik işğala son qoyan TARİXİ ZƏFƏR: 44 günlük Vətən müharibəsi - ŞƏRH

Hərbi

25.09.2024 09:34

“Azərbaycanla Ermənistan arasında 30 ilə yaxın davam edən danışıqlar prosesi heç bir nəticə vermədi. Əksinə təxribatlar kifayət qədər intensiv rejimdə davam edirdi. Bundan əlavə, hakimiyyətə yeni gələn Paşinyan komandası Azərbaycan ərazilərində açıq formada öz iddialarını səsləndirirdi. Bütün bunlar təbii ki, Bakının səbr kasasını doldurdu”.  

Bu sözləri hərbi ekspert Ədalət Verdiyev 44 günlük Vətən müharibəsi haqqında danışarkən deyib. O, bildirib ki, bardağı daşıran son damla isə 27 sentyabrda Ermənistanın Qarabağda keçirdi irimiqyaslı təxribatlar oldu: 

“Bu təxribatlar nəticəsində Azərbaycanın mülki əhalisinin yaşadığı ərazilərə, bölmələrimizin yerləşdiyi mövqelərə iriçaplı silahlardan zərbələr endirildi. Bütün bunlara cavab olaraq Azərbaycan “Dəmir yumruq” əks hücum əməliyyatını həyata keçirməyə başladı. Cəmi bir neçə saat sonra Azərbaycanın qəhrəman Ordusu düşmənin 26 il ərzində hazırladığı Ohanyan səddini yararaq, səkkiz kəndi azad etdi. 44 gün davam edən müharibə Şuşa şəhərində Azərbaycan bayrağının qaldırılması ilə nəticələndi”. 

Politoloq Elçin Xalidbəyli isə bildirib ki, 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanması İkinci Qarabağ savaşının birinci mərhələsinin sona çatması anlamı daşıyırdı. Rusiya müdaxilə etməsəydi, Azərbaycan elə ilk mərhələdəcə bütün ərazilərinə nəzarəti bərpa edəcəkdi: 

“Bunun nəticəsində də Xankəndi və ətraf bölgələrdə erməni terrorçularının qondarma strukturları qalmış oldu. Ancaq bu da uzun çəkmədi. 2023-cü ilin 19 sentyabrında Azərbaycan Ordusu torpaqlarımızda 30 ilə yaxın bir müddətdə mövcud olan separatçılıq problemini birdəfəlik, kökündən həll etmiş oldu. Nəticədə Azərbaycan tarixində böyük əhəmiyyət kəsb edən İkinci Qarabağ savaşının yekun mərhələsi də başa çatdı”.

Hazırda Azərbaycan bütün əraziləri bərpa olunmuş bir dövlət kimi, inkişaf mərhələsinə qədəm qoyub. 

Bu qələbəni, qüruru, sevinci bizə bəxş edən, Vətən uğrunda döyüşərək canlarından keçən Şəhidlərimizə Allahdan rəhmət diləyir, Qazilərimizə isə can sağlığı arzu edirik. 

Qeyd edək ki, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Prezident İlham Əliyev 27 sentyabr - Vətən müharibəsinin başladığı günün Azərbaycan Respublikasında Anım Günü kimi qeyd olunması ilə bağlı Sərəncam imzalayıb. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına ali ehtiramın göstəricisidir.

Töhfə Səməd

tag: Azərbaycan ,Elçin Xalidbəyli,Vətən ,Müharibə ,Tarixi Zəfər, todaypress.az,

photo
photo