Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirildi
Madat
Babayan Xocalıda silahsız insanların qətlində iştirakını etiraf edib: “Səhv
etmişik”
Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, David İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası aprelin 18-də davam etdirilib.
TodayPress xəbər verir ki, Bakı
Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və
Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə
iclasında təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi,
həmçinin müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda
təqsirləndirilən şəxslər, onların müdafiəçiləri, zərərçəkmiş şəxslərin bir
qismi, onların hüquqi varisləri və nümayəndələri, həmçinin dövlət ittihamını
müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev
əvvəlcə prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş şəxslərə qanunvericiliklə
nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Sonra
zərərçəkmiş şəxslər sərbəst ifadə verib, dövlət ittihamını müdafiə edən
prokurorlar, zərərçəkmiş şəxslərin nümayəndələri və müdafiəçilər tərəfindən
onlara ünvanlanmış sualları cavablandırıblar.
Zərərçəkmiş
şəxs Yaşar Əlməmmədov 1956-cı il ildə Xocalı şəhərində anadan olduğunu, orada
ailəsi ilə birlikdə yaşadğını bildirib. O, təqsirləndirilən şəxslərdən Bako
Sahakyanı, Arkadi Qukasyanı və Madat Babayanı tanıdığını deyib.
Y.Əlməmmədov
1992-ci il fevralın 25-də şəhərin dəmir yolu hissəsində postda olduğunu, saat
20 radələrində Xankəndi istiqamətindən gələn zirehli texnikanın şəhərin
ətrafında mövqe tutmağa başladığını, saat 23 radələrində şəhərə hücum
edildiyini deyib. Qeyd edib ki, gecə saatlarında Ermənistan silahlı qüvvələri
366-cı motoatıcı alayın iştirakı ilə şəhərə girdikdən sonra sakinlərlə birlikdə
meşəyə gediblər. Erməni hərbçilərin onları atəşə tutmaları nəticəsində çox
sayda insan həlak olub.
Baş prokurorun
xüsusi tapşırıqlar üzrə köməkçisi Tuqay Rəhimlinin suallarını cavablandıran
Y.Əlməmmədov bildirib ki, fevralın 27-də Pircamal kəndi yaxınlığında onlar
girov götürülərək tövləyə aparılıb, bir qədər sonra daha 50 nəfərə yaxın Xocalı
sakini oraya gətirilib. Onun sözlərinə görə, əsirlərə misli görülməmiş işgəncə
verilib, onu da qarın üstünə uzadaraq döyüblər. Pircamal kəndində iki gün
saxlanıldıqdan sonra onlar Xankəndi şəhərinə aparılıb. Daha sonra əsirlər döyülüb
işgəncə verilərək martın 1-də Əsgərana gətirilib. Burada Polis Şöbəsində
yanğından mühafizənin rəisi işləmiş Karo adlı erməni dəyənəklə onu huşunu
itirənə qədər döyüb.
Y.Əlməmmədov
1992-ci il martın 2-də Azərbaycan tərəfinə təhvil verilib.
Dövlət
ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zərərçəkmiş şəxs
əsirlikdə olduğu müddətdə qolunun, barmağının, qabırğalarının, ayağının
sındırıldığını və digər xəsarətlər aldığını deyib. Y.Əlmməmədov
təqsirləndirilən şəxs Madat Babayanın ona süngü-bıçaqla xəsarət yetirdiyini də
bildirərək deyib: “Erməni hərbçilər, şəxsən Madat Babayan özü mənə işgəncə
verib. Əsir olan vaxt Madat yaxınlaşdı, mənə “sən türksən” deyib təpiklədi,
sonra təhqir etdi. Üstündəki süngü bıçağı çıxarıb mənə sancdı.
Dövlət
ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən təqsirəndirilən şəxs
qeyd edib ki, həmin vaxt Xədicə adlı qadının iki ayağını dizdən aşağı
kəsmişdilər. Xocalıda Axıska türkləri də yaşayırdılar. Madat Babayan,
tərkibində olduğu silahlı dəstəsindəki hərbçilər Axıska türkü olan iki qardaşı
gözümüzün qabağında güllələyib öldürdülər. Onlar azərbaycanlıların bəzilərini
aparıb qəbirlərin üstündə başlarını kəsirdilər, bəzilərini kilsədə asırdılar”.
Baş prokurorun
böyük köməkçisi Vüsal Əliyevin suallarına cavab olaraq Y.Əlməmmədov qardaşı
Faiq Əlməmmədovun erməni hərbçiləri tərəfindən öldürüldüyünü, digər qardaşı
Namiq Əlməmmədovun isə əsir götürüldüyünü, onun indiyədək itkin olduğunu deyib.
Məhkəmədə
zərərçəkmiş şəxs barəsindəki tibbi-ekspertiza rəyi də elan olunub.
Daha sonra
zərərçəkmiş şəxs Sovet Allahverdiyev ifadə verib. 1954-cü ildə Xocalıda anadan
olduğunu və orada yaşadığını bildirən S.Allahverdiyev atasının, iki qardaşının
və qardaşı oğlunun Xocalı soyqırımı zamanı itkin düşdüyünü, daha iki qardaşının
və anasının isə girov götürüldüyünü deyib.
Baş
Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir
Bayramovun suallarına cavab olaraq zərərçəkmiş şəxs bildirib: “Onlar fevralın
25-dən 26-na keçən gecə bütün yolları bağlamışdılar ki, çıxa bilməyək,
azərbaycanlı olduğumuz üçün bizim hamımıza qarşı soyqırımı törətsinlər. Qətlə
yetirilən əhalinin 50 faizi “dəhliz” deyilən ərazidə öldürülənlərdir. Guya
həmin hissəni vermişdilər ki, əhali çıxsın.
Ağdamda
meyitləri meşədən gətirirdilər. Oradakı meyitlərin əksəriyyəti tanınmaz halda
idi. Başlarının dərisini soymuşdular, beyinləri, başları dağılmışdı. Ancaq
paltarından tanıyırdıq”.
O, Xocalı
soyqırımı zamanı qətlə yetirilən şəxslərdən 18 nəfərinin meyitinin 2023-cü ildə
Xocalıda tapılan zaman onların ayaqlarının və qollarının məftillə bağlı
vəziyyətdə olduğunu da söyləyib.
Məhkəmədə
1992-ci il fevralın 25-dən 26-na keçən gecə baş vermiş hadisələrlə bağlı
müvafiq istintaq hərəkəti protokolları tədqiq olunub.
Daha sonra
Xocalı soyqırımı ilə bağlı kadrların nümayiş etdiriləcəyi, videomateriallarda
həssas məqamların olduğu nəzərə alınaraq ürəyi zəif olanların zaldan çıxmaları
barədə xəbərdarlıq edilib.
Videomateriallarda
müxtəlif yaş qrupundan olan kişilərin və qadınların, o cümlədən uşaqların və
qocaların meyitlərinin görüntüləri yer alıb. Meyitlərin bir hissəsi dərisi
soyulmuş, gözləri çıxarılmış, bəzi əzaları kəsilmiş vəziyyətdə olub. Videonun
nümayişi zamanı zalda olanlar kövrəlib.
Təqsirləndirilən
şəxslərin də bəziləri videogörüntülərin onlara guya pis təsir etdiyini öz
hərəkətləri ilə nümayişkəranə şəkildə göstəriblər.
Ardınca
məhkəmədə Xocalı soyqırımına dair protokollar təqdim edilib.
Məhkəmə
prosesində digər sənədlərin tədqiqi zamanı fotojurnalist Viktoriya İvlevanın
çəkdiyi fotoşəkillər, “İzvestiya” qəzetində Yerevanın hadisəni hərbi nailiyyət
kimi qiymətləndirməsi barədə məqalə nümayiş etdirilib.
Habelə
Ermənistanın müdafiə naziri və prezidenti olmuş Serj Sarkisyanın britaniyalı
jurnalist Tomas De Vala verdiyi və faciənin etnik təmizləmə olduğunu etiraf
edən müsahibəsi nümayiş olunub. S.Sarkisyan müsahibə zamanı Xocalıda
törədilənlərdən təəssüflənmədiyini bidirib.
S.Sarkisyanın
fikirlərinə istinad edən dövlət ittihamçısı Tuqay Rəhimli deyib ki, bunlar
Ermənistan tərəfindən Xocalı soyqırımının məqsədyönlü, sistemli şəkildə
törədildiyini təsdiqləyir.
Prosesdə daha
sonra Xocalı soyqırımında iştirakı müəyyən edilmiş təqsirləndirilən şəxs Madat
Babayan dindirilib.
O, 1992-ci il
fevralın 25-də və 26-da Xocalıda olduğunu təsdiqəyib və deyib: “Bizi oraya
dəstə rəhbərimiz aparmışdı. Adı Henrik Tamrazyan idi. Məqsəd o idi ki,
azərbaycanlılar Xocalıdan çıxarılsın”.
M.Babayan
dəstələrində 20 nəfərin olduğunu, başqa dəstələrin də olduğunu deyib. Əlavə
edib ki, Rembert Karapetyan, Valeri Sarkisyan adlı dəstə rəhbərlərini
xatırlayır.
“Bizim dəstənin
üzvlərindən isə Valeri Petrosyan, David Qriqoryan, Albert Qriqoryan, Şirin
Şirinyan, Spartak Akopyanı xatırlayıram”, - deyə o vurğulayıb.
Təqsirləndirilən
şəxs Xocalıda bütün əmrləri “Xolostoy” ləqəbli Arkadi Şirinyanın verdiyini
deyib və əlavə edib: “Bizə isə əmrləri Vanik Petrosyan verirdi. Silahsız
insanlara atəş açıb onların qətlə yetirilməsi əmrini Vanik verib. Vanik və
Arkadi insanların barmaqlarını, meyitlərin qulaqlarını kəsirdilər”.
M.Babayan dövlət
ittihamçısı Fuad Musayevin suallarını cavablandırarkən Xocalıya silahlar
gəldiklərini, zirehli texnikalardan istifadə edildiyini təsdiqləyib.
Təqsirləndirilən şəxs silahsız insanların qətlində iştirak etdiyini etiraf edib
və bildirib: “Səhv etmişik”.
O, Xocalıda
aralarında uşaqların, qocaların və qadınların da olduğu təxminən 150 meyit
gördüyünü, meyitlərin erməni hərbçilər tərəfindən maşınlara yığılaraq
aparıldığını bildirib.
Bu zaman
zərərçəkmiş şəxs Yaşar Əlməmmədov söz alaraq M.Babayana itkin düşmüş qardaşı
barədə sual verərək deyib: “Mənim qardaşım Namiqi sənin dəstən apardı. Haraya
aparmısan? Qardaşımın yerini de, heç olmasa sümüklərini tapaq. Onun arvadı
həmin vaxt hamilə idi, oğlu oldu. İndi qardaşımın oğlunun 33 yaşı var, dərddən
başı ağarıb. Qardaşım haradadır? Yerini de!”.
M.Babayan isə
cavabında Namiq Əlməmmədovu tanımadığını iddia edib.
Bu zaman
zərərçəkmiş şəxslərin nümayəndəsi Şaiq Hüseynov məhkəməyə müraciət edərək
təqsirləndirilən şəxs David İşxanyanın M.Babayana suallara cavab verməsində kömək
etməsinə etirazını bildirib.
Məhkəmə
iclasına sədrlik edən Zeynal Ağayev D.İşxanyanın yerini dəyişib.
Sonra
M.Babayanın Xocalı soyqırımı ilə bağlı ibtidai istintaqda verdiyi ifadə elan
olunub və ibtidai istintaq zamanı hadisə yerində çəkilmiş videomaterial nümayiş
etdirilib.
Məhkəmənin
növbəti iclası aprelin 21-nə təyin olunub.
Qeyd edək ki,
Ermənistan dövlətinin, onun dövlət qurumlarının vəzifəli şəxslərinin, hərbi
qüvvələrinin və qanunsuz silahlı birləşmələrin bilavasitə rəhbərliyi və
iştirakı, şifahi-yazılı qaydada verdiyi tapşırıq, göstəriş və təlimatları,
maddi, texniki, şəxsi heyətlə verdiyi dəstəyi, mərkəzi qaydada idarəçiliyi
əsasında, eləcə də ciddi nəzarəti altında Azərbaycan ərazisində daxili və
beynəlxalq hüquq normalarına zidd şəkildə, Azərbaycana hərbi təcavüz etmək
məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert Sedraki, Sarkisyan Serj Azati, Manukyan
Vazgen Mikaeli, Sarkisyan Vazgen Zaveni, Babayan Samvel Andraniki, Balasanyan
Vitali Mikaeli, Balayan Zori Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir
Surenoviç, Melkonyan Monte Çarlz və digərlərinin rəhbərliyi, bilavasitə və
dolayı iştirakları ilə Ermənistan dövləti, o cümlədən sözügedən cinayətkar
birlik tərəfindən aparılan təcavüzkar müharibənin gedişində törədilmiş çoxsaylı
cinayət faktlarına dair cinayət işi üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs
ittiham edilir.
Həmin şəxslər,
yəni, Harutyunyan Arayik Vladimiri, Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako
Sahaki, İşxanyan David Rubeni, Manukyan David Azatini, Babayan David Klimi,
Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan Vasili İvani, Qazaryan Erik Roberti,
Allahverdiyan Davit Nelsoni, Stepanyan Qurgen Homeri, Balayan Levon Romiki,
Babayan Madat Arakeloviç, Martirosyan Qarik Qriqori, Paşayan Melikset Vladimiri
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100 (təcavüzkar müharibəni
planlaşdırma, hazırlama, başlama və aparma), 102 (beynəlxalq müdafiədən
istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 103 (soyqırım), 105
(əhalini məhvetmə), 106 (köləlik), 107 (əhalini deportasiya etmə və ya məcburi
köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112
(beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrumetmə), 113 (işgəncə), 114
(muzdluluq), 115 (müharibə qanunlarını və adətlərini pozma), 116 (silahlı
münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 118 (hərbi
soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192 (qanunsuz sahibkarlıq), 214
(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218 (cinayətkar birlik
(təşkilat) yaratma), 228 (qanunsuz olaraq silah, onun komplekt hissələrini,
döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə,
satma, saxlama, daşıma və gəzdirmə), 270-1 (aviasiya təhlükəsizliyinə təhdid
yaradan əməllər), 277 (dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd
etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və onu zorla saxlama, dövlətin
konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu (qanunvericiliklə nəzərdə
tutulmayan silahlı birləşmələri və qrupları yaratma) və digər maddələri ilə
ittiham olunurlar.
tag: Erməniəsilli, Vardaryan, Azərbaycan, Məhkəmə, Terror, Araik, todaypress.az,