Xızıda külli miqdarda narkotik vasitə tapıldı
Hadisə
27.08.2024 13:10
Narkotik vasitələrin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.
TodayPress xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat yayılıb.
Bildirilib ki, Azərbaycan Respublikasının dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi və qaçaqmalçılığa qarşı mübarizə tədbirləri davam etdirilir.
Keçirilmiş tədbirlər nəticəsində Xızı rayonunun Yaşma qəsəbəsi ərazisində dəniz kənarında bağlama aşkar edilib.
Bağlamaya baxış zamanı ümumi çəkisi 16 kiloqram 025 qram narkotik vasitə (10 kq 810 qram “heroin”, 5 kq 215 qram “metamfetamin”) aşkar olunaraq götürülüb.
Ehtimal olunur ki, aşkar olunmuş narkotik vasitə 25 iyun 2024-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində mütəşəkkil qaçaqmalçı qrup tərəfindən dənizə atılmış bağlamadır.
Fakt üzrə əməliyyat-istintaq tədbiri davam etdirilir.