Vüqar Həşimovun valideynlərinin vəziyyəti necədir? – TƏBİB-dən AÇIQLAMA

Hadisə

05.12.2024 11:31

“Abşeron rayonu, Novxanı kəndində fərdi yaşayış evində partlayış baş verməsi səbəbilə xəsarət alan 1949-cu il təvəllüdlü şəxsin (kişi cinsli) müalicəsi TƏBİB-in tabeliyindəki Mərkəzi Neftçilər Xəstəxanasının Reanimasiya şöbəsində davam etdirilir. Hazırda vəziyyəti ağır-stabildir. Bədən səthinin 55%-ni əhatə edən 2-ci və 3-cü dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilən şəxsin yaraları cərrah tərəfindən izlənilir”.

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, TƏBİB-in tabeliyindəki Yeni Klinikaya təxliyə olunan 1959-cu il təvəllüdlü şəxsin isə (qadın cinsli) müalicəsi Reanimasiya şöbəsində aparılıb. Bədənin müxtəlif nahiyələrində çox sayda cırılmış, kəsilmiş, didilmiş yaralar və sol əlinin ovuc qismində dərin kəsik yarası diaqnozu təyin edilib, eyni zamanda rentgen və tomoqrafiya müayinələrindən sonra hər iki bud sümüyün aşağı hissəsində qapalı yerdəyişməli qırıq aşkarlanıb. Pasiyentə zəruri tibbi xidmətlər göstərilib. Daha sonra ailə üzvlərinin istəyi ilə özəl tibb müəssisələrindən birinə təxliyə olunub.

Xatırladaq ki, dekabrın 3-də Abşeron rayonu, Novxanı bağlar massivində fərdi yaşayış evində dəhşətli partlayış olub. Partlayış zamanı mərhum şahmat ustası Vüqar Həşimovun ailəsinin evi yararsız hala düşüb. Onun valideynləri Qasım Həşimov və Aidə Həşimova dağıntılar altından sağ çıxarılaraq Sumqayıt Tibb Mərkəzinin nəzdində olan Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub.

Günəş Mərd

tag: Partlayış, Təcili yardım, TƏBİB,Diaqnoz,todaypress.az,