Ucar rayonunda yol qəzasında 2 nəfər öldü, 12 nəfər yaralandı - YENİLƏNDİ

Hadisə

16.02.2025 13:11

2342

Ucarda baş verən ağır yol qəzasında ölən şəxslərin kimliyi məlum olub.

"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, qəza nəticəsində dünyasını dəyişənlər Bərdə rayon sakini, 1989-cu il təvəllüdlü Günel Əlövsət qızı Allahverdiyeva və Mingəçevir şəhər sakini, 1987-ci il təvəllüdlü İlkin Allahverən oğlu Abdullayevdir.

Hadisə zamanı xəsarət alanların sayı isə 22 nəfərə çatıb.

***

09:10

Ucar rayonunda 13 avtomobilin iştirakı ilə baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində iki nəfər ölüb, 12 nəfər yaralanıb.

TodayPress Report-a istinadən xəbər verir ki, hadisə gecə saatlarında Bakı – Qazax yolunun rayonun Qulabənd kəndindən keçən hissəsində qeydə alınıb.

Bildirilir ki, qəzaya uğrayan “Mercedes”in sürücüsü yolun qarşı tərəfində baş vermiş qəza ilə əlaqədar dayanıb, bu anda arxadan gələn “KamAZ” markalı yük maşını avtomobillərə çırpılıb.

Yaralılardan bəziləri Ucar Rayon Mərkəzi Xəstəxanasına, digərləri isə Göyçay Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Bundan başqa, hadisə yerinə Göyçay Rayon Mərkəzi xəstəxanasının təcili tibbi yardım briqadası köməyə gəlib.

Hadisə yerinə FHN-nin xüsusi riskli qəza xilasetmə dəstəsinin əməkdaşları cəlb olunub, avtobillərdə sıxılıb qalmış sərnişin və sürücülər avtomobillərdən çıxarılıb.

Qəza zamanı xəsarət alanlar – 45 yaşlı Ruslan Məmmədov, 18 yaşlı Səbinə Əliyeva, 56 yaşlı Mərdan Qasımov, 65 yaşlı Sahib Əhmədov, 58 yaşlı Nəcibə Abdullayeva, 70 yaşlı Əlövsət Əliyev, 42 yaşlı Aftandil Hüseynov, 44 yaşlı Niyaməddin Məmmədov, 65 yaşlı Günəş Əliyeva, 5 yaşlı N.A., 44 yaşlı Əlizamin Məmmədov xəstəxanaya yerləşdirilib. Hələlik şəxsiyyəti dəqiqləşdirilməyən 1 kişi və 1 qadın ölüb. 

Faktla bağlı araşdırma aparılır.

(Report.az)

tag: Ucar,Qəza,Hadisə,Avtomobil,todaypress.az,