Şadlıq evində zəhərlənənlərin sayı artdı - YENİLƏNDİ 2

Hadisə

19.04.2025 13:50

21

Xətai rayonunda yerləşən iaşə obyektində zəhərlənənlərin sayı 51-ə çatıb. 

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

Qeyd olunub ki, bundan əvvəl 36 nəfərin hospitalizasiyasından əlavə olaraq 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib. 

Dəqiqləşdirilməmiş bakterial qida zəhərlənməsi diaqnozu ilə onların hər birinə zəruri tibbi yardımlar göstərilib.

Vəziyyətləri qənaətbəxş olan şəxslərin hər biri ambulator müalicə üçün artıq evə buraxılıb.

***

11:53

Bakıda şadlıq sarayında zəhərlənən şəxslər ambulator müalicə üçün evə buraxılmağa başlayıb. 

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib. 

Məlumata görə, müxtəlif saatlarda zəhərlənmə şübhəsi ilə ümumilikdə 36 nəfər olmaqla, 25 nəfər Kliniki Tibbi Mərkəzə, 10 nəfər Sabunçu Tibb Mərkəzinə, 1 nəfər isə Respublika Pediatriya Mərkəzinin nəzdində olan Sabunçu Uşaq Yoluxucu Xəstəxanasına hospitalizasiya olunub. 

Əlavə olaraq, 7 nəfər Kliniki Tibbi Mərkəzə, 8 nəfər isə Sabunçu Tibb Mərkəzinə birbaşa özü müraciət edib. 

Onların bakterial qida zəhərlənməsi diaqnozu hələ dəqiqləşməyib. 

Qeyd edək ki, gecə Bakıdakı Venesiya şadlıq sarayında kütləvi zəhərlənmə hadisəsi baş verib.   

Türkan İsgəndərli

***

10:11

Bakıda şadlıq evində baş verən hadisənin səbəbləri, həmçinin qida zəhərlənməsi olub-olmaması ilə bağlı Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri ilə müvafiq qurumların əməkdaşları tərəfindən araşdırmalara başlanılıb. 

Bu barədə TodayPress-in sorğusuna cavab olaraq AQTA-dan bildirilib

Vurğulanıb ki, hadisənin baş verdiyi şadlıq evində istehlaka təqdim edilmiş və baxış zamanı mövcud olan bütün qida məhsullarından nümunələr götürülüb.     

Bununla yanaşı, işçi masalardan və qida ilə təmasda olan səthlərdən yaxmalar götürülərək laborator müayinələrə təqdim olunub.  Hazırda araşdırma davam etdirilir.

Araşdırmaların nəticələri ilə bağlı əlavə məlumat veriləcək. 

Qeyd edək ki, gecə paytaxt Bakıda kütləvi zəhərlənmə hadisəsi baş verib. Zəhərlənmənin Venesiya şadlıq sarayında olduğu bildirilir.

Hadisə zamanı 32 nəfər zəhərlənib. 

Türkan İsgəndərli

tag: AQTA,Sorğu,Zəhərlənmə,Toy,Todaypress.az,