Məhkəmədə Ermənistanda yüksək vəzifələr tutmuş şəxsin qondarma rejimdə "nazir vəzifəsinə" təyin olunduğu açıqlandı
Ermənistanın Azərbaycana qarşı hərbi
təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə
cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması,
soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq,
terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama
və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan
Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako
Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin
barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası mayın
2-də davam etdirilib.
TodayPress xəbər verir ki, Bakı Hərbi Məhkəməsində
hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən
ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında
təqsirləndirilən şəxslərin hər biri bildikləri dildə tərcüməçi, həmçinin
müdafiələri üçün vəkillərlə təmin olunub.
İclasda təqsirləndirilən şəxslər, onların müdafiəçiləri,
zərərçəkmiş şəxslərin bir qismi, onların hüquqi varisləri və nümayəndələri,
həmçinin dövlət ittihamını müdafiə edən prokurorlar iştirak ediblər.
Hakim Zeynal Ağayev prosesdə ilk dəfə iştirak edən zərərçəkmiş
şəxslərə məhkəmə heyətini, tərcüməçiləri və s. təqdim edib, habelə onların
qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.
Məhkəmə prosesi zərərçəkmiş şəxslərin ifadələri və
sualları cavablandırması ilə davam etdirilib.
Zərərçəkmiş şəxs, Qaradağlı kənd sakini Rafiq Quliyev
Ermənistan silahlı qüvvələrinin kəndə hücumlar etməsi, mülki şəxsləri və
avtobusları atəşə tutması, azərbaycanlılara işgəncə verilməsi, onların qətlə
yetirilməsi və s. barədə danışıb və kəndin işğalı ilə bağlı sualları
cavablandırıb.
“Bizə deyirdilər ki, Qarabağ ermənilərindir, çıxın
gedin”, - deyə R.Quliyev qeyd edib.
O, Qaradağlı kəndi işğal olunan zaman özünün, atasının və
anasının Ermənistan hərbçiləri tərəfindən girov götürüldüyünü bildirib.
Zərərçəkmiş şəxs kəndə hücum edənlər arasında muzdluların da olduğunu deyib.
R.Quliyev Baş prokurorun böyük köməkçisi Vüsal Əliyevin
suallarına cavabında özünün, atası Əlastan Quliyevin digər azərbaycanlılarla
birlikdə “KamAZ”lara yığılaraq Xankəndiyə aparıldığını, yolda “Bəylik bağı”
adlanan yerdə maşını saxlayaraq girovların bir qisminin qətlə yetirildiyini
bildirib.
Zərərçəkmişin atası Ə.Quliyev bir müddət girovluqda
qalandan sonra Ermənistan hərbçilərinin verdiyi işgəncələr nəticəsində ölüb.
“Anam 13 gün girovluqda saxlanıldıqdan sonra qaytarıldı. Mən isə 45 gündən
sonra girovluqdan azad edildim. Girovluqda olan zaman bizi hər gün axşam
döyürdülər. Hər gün bir tikə çörək, azca su verirdilər ki, ölməyək, sağ qalaq.
Amma işgəncə verməkdə davam edirdilər”, - deyə o əlavə edib.
R.Quliyev yaralı ola-ola ona işgəncə verildiyini də
vurğulayıb.
Zərərçəkmiş şəxs, Xocavənd rayonunun Axullu kənd sakini
Namik Hüseynov təqsirləndirilən şəxsləri televiziya vasitəsilə tanıdığını
söyləyib. Dövlət ittihamçısı Vüsal Abdullayevin suallarını cavablandırarkən o,
vaxtilə Hadrutda kinomexanik işlədiyini, 1988-ci ildən Qarabağın Azərbaycandan
ayrılaraq Ermənistana verilməsi barədə erməniəsilli əhali arasında
təbliğatların başlandığını bildirib.
N.Hüseynov 1989-cu il sentyabrın 25-də qanunsuz erməni
silahlı birləşmələrinin azərbaycanlıların məktəbinə hücum etməsi və həmin vaxt
yaralanması barədə də danışıb: “Gördüm İsanı öldürəcəklər, mən də yaxınlaşdım.
İndiki kimi yadımdadır, qırmızı geyimdə beş nəfər çıxdı. Orada bizi vəhşicəsinə
döydülər. Bu barmağımı görürsünüz? Onu həmin vaxt sındırdılar. Başımı
partlatmışdılar, sonradan 13 tikiş qoyuldu”.
Zərərçəkmiş şəxs, Qaradağlı Kənd Xalq Deputatları
Sovetinin sədri olmuş Cavay Hüseynov ifadəsində Ermənistan silahlı qüvvələrinin
kəndə dəfələrlə hücum etməsindən və özünün yaralanmasından danışıb. Zərərçəkmiş
bildirib: “İnsanlar təsərrüfatla, heyvandarlıqla məşğul idilər. Onlar heç bir
müharibə, münaqişə istəmirdilər”.
C.Hüseynov Qaradağlı kəndinin ətrafındakı yaşayış
məntəqələrinin sakinlərinin erməniəsilli olduqlarını, 1990-cı ilin noyabrından
başlayaraq Qaradağlıya giriş-çıxışda ciddi maneələrin yarandığını bildirib. Bu
səbəbdən də Qaradağlıya ərzaq vertolyotlarla daşınırmış. Zərərçəkmiş qeyd edib
ki, bir müddət sonra Ermənistan silahlı qüvvələri vertolyotların da hərəkətinə
imkan verməyib. 1992-ci il yanvarın 9-da o, Ağdamdan Qaradağlı kəndinə ərzaq
gətirərkən vertolyot Ermənistan hərbçiləri tərəfindən atəşə tutulub.
C.Hüseynov kəndin “Alazan” raketləri, pulemyotlar və
avtomatlar ilə mütəmadi şəkildə atəşə tutulduğunu, nəticədə ölənlərin və
yaralananların olduğunu bildirib.
Zərərçəkmiş şəxs dövlət ittihamçısı Təranə Məmmədovanın
suallarını cavablandıran zaman 1992-ci il yanvarın məlumatlarına istinad edərək
həmin vaxt Qaradağlı kənd sakinlərinin sayının 1166 nəfər olduğunu söyləyib.
Məhkəmə prosesində zərərçəkmiş şəxslərin barələrində
keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri də elan edilib.
Fasilədən sonra təqsirləndirilən şəxs Davit İşxanyan
Xocavənd rayonunun işğalı ilə bağlı dövlət ittihamçılarının suallarını
cavablandırıb. O, Xocavənd rayonunun Heşan kəndində dünyaya gəldiyini, həmin
kənddə əhalinin 600-650 nəfər olduğunu bildirib. O, bacısının və Qriqori
İşxanyan adlı qardaşının olduğunu vurğulayaraq deyib: “Qriqori təxminən
1988-1990-cı illərdə Levon Mirzoyan adına kolxozun mühasibi olub”.
O, suallara cavabında Emil Balayanı tanıdığını, onun
kolxoz sədri olduğunu deyib və əlavə edib: “Amma qardaşım mühasib olanda rəhbər
deyildi, sonradan kolxoza rəhbər təyin olundu”.
Növbəti suallara cavabında isə o, 1991-ci il iyunun
26-27-də Qaradağlı kəndində olmadığını iddia edərək bildirib: “İyunun 26-da
gələcək həyat yoldaşımın ad gününü qeyd etmək üçün Xankəndiyə getmişdim”.
Bu zaman prosesdə Emil Balayanın 1991-ci il iyunun 28-də
istintaqa verdiyi ilkin izahat elan edilib. E.Balayan həmin izahatında
azərbaycanlıların yaşadıqları Qaradağlı kəndindəki fermaya hücum üçün necə
hazırlaşdıqlarını, hücumda kimlərin iştirak etdiyini açıqlayıb, hücum edənlərin
özü ilə yanaşı, Balayan Emil Vartanoviç, Avakyan Armin Rodikovic, Qabrilyan
Monik Aramoviç, İşxanyan Araik Yeqoroviç, Arapityan Armin Arzikovic, İşxaniyan
Davit Rubenoviç, Koçaryan Davit Maksimoviç, Qriqoryan Andranik Karlenovic,
İşxanyan Qriqori Rubenoviç, Koçaryan Aras Maksimovic, Sevumyan Vrenik
Karlenoviç olduqlarını bildirib və əlavə edib: “Bütün bunlara başçılıq eləyən
Valodiya Xaçaturyan idi”.
D.İşxanyan Baş prokurorun xüsusi tapşırıqlar üzrə
köməkçisi Tuqay Rəhimlinin ünvanladığı növbəti suallara cavabında 1992-ci ilin
sentyabrında hərbi xidmətə çağırıldığını, daha sonra 28-ci “Xocavənd
batalyonu”nda tabor komandiri təyin olunduğunu bildirib. Təqsirləndirilən şəxs
“Xocavənd müdafiə rayonu”nun komandirinin Monte Melkonyan, müavininin isə
Movses Akopyan olduğunu deyib.
“Taborumda 430-480 hərbçi var idi. Digər taborlarda say
daha az və ya daha çox olurdu. Tapşırıqları qərargahdan alırdım. Taborun
sərəncamında qumbaraatanlar, pulemyotlar, “Kalaşnikov” avtomatları var idi”, -
deyə o əlavə edib.
D.İşxanyan Ağdərənin yuxarı hissəsinin işğalı
əməliyyatında, Kəlbəcər rayonu istiqamətində Çərəkdarın və Xudavəngin, Füzuli
rayonunun iki istiqamətində, o cümlədən Aşağı Veysəlli istiqamətində kiçik bir
yüksəkliyin işğalında iştirak etdiyini bildirib.
Təqsirləndirilən şəxs “Emil Balayanın sizinlə ədavəti var
idimi ki, sizin və qardaşınızın adını çəksin” sualına cavab verməkdən yayınaraq
bildirib ki, o, şənbə və bazar günləri kənddə növbə çəkilməsi ilə məşğul olub.
Bu zaman dövlət ittihamçısı Vüsal Əliyev elan edib ki,
digər erməniəsilli şəxslər (Aleksandr Qriqoryan və digərləri) də E.Balayanın
ifadəsinə bənzər ifadələr verib, eyni adları çəkiblər.
Ardınca təqsirləndirilən şəxs Levon Mnatsakanyan Baş
Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin şöbə rəisi Nəsir
Bayramovun suallarını cavablandırıb. O, 2015-2018-ci illərdə Azərbaycanın
vaxtilə işğal altında olmuş ərazilərində qondarma rejimin “müdafiə ordusunun
komandanı” vəzifəsini, buna qədər isə hərbi sahədə bir sıra vəzifələr tutduğunu
təsdiqləyib. O, qondarma rejimin “ordusu”nda xidmətə 1992-ci ilin sentyabrında
başladığını bildirərək qeyd edib: “Motoatıcı taborun komandirinin müavini
vəzifəsində başladım”.
O, Xocavənd əməliyyatlarında iştirak etmədiyini, Xocalıda
isə ümumiyyətlə, ilk dəfə 1990-cı illərin ikinci yarısında olduğunu deyib.
Təqsirləndirilən şəxs bildirib ki, 1992-ci il oktyabrın
2-də Şuşa rayonunun Şırlan kəndində yerləşən tabora gedərkən yaralanıb.
Levon Mnatsakanyan Azərbaycanın Şuşa şəhərinin işğalı
əməliyyatına rəhbərlik etmiş “Komandos” ləqəbli general-mayor Arkadi
Ter-Tadevosyanı Ermənistanda xidmət etdiyi zaman tanıdığını deyib. Bildirib ki,
həmin vaxt Arkadi Ter-Tadevosyan ordu üçün mütəxəssis hazırlayırdı.
Təqsirləndirilən şəxs Arkadi Qukasyan dövlət
ittihamçılarının suallarına cavabında Xocavəndin işğalında və Qaradağlıdakı
qətliamlarda hansı qüvvələrin iştirak etməsi barədə məlumatsız olduğunu iddia
edib.
O, Aşot Qulyan və Monte Melkonyan ilə şəxsən tanış
olmadığını da iddia edib.
A.Qukasyan dövlət ittihamçısı Fuad Musayevin həmin adamları
tanımadan onları qondarma rejimin “qəhrəmanı” adı ilə təltif etməsi barədə
suala isə konkret cavab verə bilməyərək, bununla bağlı “komissiya”nın
təqdimatının olduğunu söyləyib.
O, Artur Aqabekyanla təxminən 1994-1995-ci ildən sonra
tanış olduğunu və onu 1999-cu ildə qondarma rejimin “daxili işlər naziri”
“təyin” etdiyini bildirib.
“Bildiyim qədərilə Ermənistan Müdafiə Nazirliyində xidmət
edirdi”, - deyə A.Qukasyan əlavə edib.
Xatırladaq ki, A.Aqabekyan 2000-2007-ci illərdə
Ermənistan Respublikası müdafiə nazirinin müavini olub, habelə Ermənistanda bir
sıra digər yüksək vəzifələrdə çalışıb.
Məhkəmənin növbəti iclası mayın 5-nə təyin olunub.
Qeyd edək ki, Ermənistan dövlətinin, onun dövlət
qurumlarının vəzifəli şəxslərinin, hərbi qüvvələrinin və qanunsuz silahlı
birləşmələrin bilavasitə rəhbərliyi və iştirakı, şifahi-yazılı qaydada verdiyi
tapşırıq, göstəriş və təlimatları, maddi, texniki, şəxsi heyətlə verdiyi
dəstəyi, mərkəzi qaydada idarəçiliyi əsasında, eləcə də ciddi nəzarəti altında
Azərbaycan ərazisində daxili və beynəlxalq hüquq normalarına zidd şəkildə,
Azərbaycana hərbi təcavüz etmək məqsədilə yaradılmış, həmçinin Köçəryan Robert
Sedraki, Sarkisyan Serj Azati, Manukyan Vazgen Mikaeli, Sarkisyan Vazgen
Zaveni, Babayan Samvel Andraniki, Balasanyan Vitali Mikaeli, Balayan Zori
Hayki, Ohanyan Seyran Muşeqi, Qaramyan Arşavir Surenoviç, Melkonyan Monte Çarlz
və digərlərinin rəhbərliyi, bilavasitə və dolayı iştirakları ilə Ermənistan
dövləti, o cümlədən sözügedən cinayətkar birlik tərəfindən aparılan təcavüzkar
müharibənin gedişində törədilmiş çoxsaylı cinayət faktlarına dair cinayət işi
üzrə erməniəsilli 15 təqsirləndirilən şəxs ittiham edilir.
Həmin şəxslər, yəni, Harutyunyan Arayik Vladimiri,
Qukasyan Arkadi Arşaviri, Sahakyan Bako Sahaki, İşxanyan Davit Rubeni, Manukyan
David Azatini, Babayan David Klimi, Mnatsakanyan Levon Henrikoviç, Beqlaryan
Vasili İvani, Qazaryan Erik Roberti, Allahverdiyan Davit Nelsoni, Stepanyan
Qurgen Homeri, Balayan Levon Romiki, Babayan Madat Arakeloviç, Martirosyan
Qarik Qriqori, Paşayan Melikset Vladimiri Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 100 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və
aparma), 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara
hücum etmə), 103 (soyqırımı), 105 (əhalini məhvetmə), 106 (köləlik), 107
(əhalini deportasiya etmə və ya məcburi köçürmə), 109 (təqib), 110 (insanları
zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan
məhrumetmə), 113 (işgəncə), 114 (muzdluluq), 115 (müharibə qanunlarını və
adətlərini pozma), 116 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq
normalarını pozma), 118 (hərbi soyğunçuluq), 120 (qəsdən adam öldürmə), 192
(qanunsuz sahibkarlıq), 214 (terrorçuluq), 214-1 (terrorçuluğu
maliyyələşdirmə), 218 (cinayətkar birlik (təşkilat) yaratma), 228 (qanunsuz
olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və
qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1
(aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 277 (dövlət xadiminin və ya
ictimai xadimin həyatına sui-qəsd etmə), 278 (hakimiyyəti zorla ələ keçirmə və
onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279-cu
(qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və qrupları yaratma)
və digər maddələri ilə ittiham olunurlar.
tag: Məhkəmə, Vardaryan,Ermənistan, Cinayət, todaypress.az,