Masazırda 10 qumbara aşkar edildi
Hadisə
30.09.2024 17:20
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır qəsəbəsi ərazisində hərbi sursatların aşkar edilməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən TodayPress-ə verilən xəbərə görə, dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) minalardan təmizləmə üzrə çevik qrupu hadisə yerinə cəlb edilib.
Hüquq-mühafizə orqanı əməkdaşları ilə birgə ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüldükdən sonra hadisə yerinə baxış zamanı aşkar edilmiş sursatların döyüş tətbiqinə yararlı 9 ədəd “F-1” əl qumbarası, 1 ədəd “RQD-5” təlim əl qumbarası və 4 ədəd “UZRQM” partladıcısı olduğu müəyyən edilib.
Sursatlar XRXX-nin çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün ərazidən götürülərək kənarlaşdırılıb.
Hadisə yerində və ona yaxın ətraf ərazidə əlavə axtarış zamanı başqa hər hansı təhlükəli və ya şübhəli əşya aşkar edilməyib.
tag: FHN, Hüquq Mühafizə ,UZRQM ,Sursatlar, Qumbara ,XRXX ,todaypress.az,