FHN yanğın təhlükəli istehsal sexinin fəaliyyətini dayandırdı

Hadisə

19.04.2025 13:46

10

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. 

Bu barədə TodayPress-ə FHN-dən məlumat verilib.

Bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “Woodpecker” mebel fabrikində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. Belə ki: 

- elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb; 

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb; 

- mövcud yanğın su hovuzunun həcmi tikinti norma və standartlarının tələblərinə uyğun deyil; 

- obyektin ərazisində oksigen qaz balonlarının saxlanılması üçün xüsusi yer ayrılmayıb, həmin balonların istehsalat sahəsində açıq meydançada saxlanılmasına və istifadəsinə yol verilib; 

- obyekt daxili yanğın kranları ilə təmin olunmayıb; 

- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb; 

- obyektdə istifadə edilən kimyəvi maddələr, lak və boyalar ayrıca xüsusi otaqda saxlanılmayıb; 

- obyektin daşınmaz əmlakı “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sığorta olunmayıb; 

- obyektin əsaslı təmiri, yenidən qurulması və genişləndirilməsi zamanı tikinti layihə sənədləri, eləcə də istismarı Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb. 

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. 

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Cəlilabad rayonu, Qarazəncir kəndində yerləşən “Woodpecker” mebel fabrikinin istehsal sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

tag: FHN,Yanğın,Təhlükə,Sex,Todaypress.az,

photo
photo
photo
photo