Cəlilabadda ticarət mərkəzindən 1 ton noxud oğurlandı
Cəlilabadda fəaliyyət göstərən "Rizvan” Ticarət Mərkəzində oğurluq hadisəsi baş verib.
TodayPress "Qaynarinfo"ya istinadən bildirii ki, sözügedən ticarət mərkəzində kənd təsərrüfatı məhsullarının satışı ilə məşğul olan N.B.-nin mağazasından noxud oğurlanıb. Sonradan məlum olub ki, hadisəni törədən ticarət mərkəzinin fəhləsidir.
İstintaqla müəyyən edilib ki, H.D. sözügedən mağazadan üç dəfə oğurluq edib. Hər üçündə noxud oğurlayıb. O, birinci dəfə 400 manat dəyərində 200 kiloqram, ikinci dəfə 150 manat dəyərində 75 kiloqram, üçüncü dəfə isə 1450 manat dəyərində 725 kiloqram noxud oğurlayıb.
Cəlilabad Rayon Məhkəməsində Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə mühakimə olunan H.D. verilmiş ittiham üzrə özünü təqsirli bilib. Təqsirləndirilən şəxs törətdiyi əməli maddi imkansızlığı ilə izah edib.
Məhkəmənin hökmü ilə H.D. 2 il 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. Onun şübhəli şəxs kimi tutulduğu 2 gün 4 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin olunmuş cəzadan çıxılıb və üzərində qəti olaraq 2 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılıb.
tag: Cəlilabad, Noxud, Oğurluq, Hadisə, Cİnayət, Həbs, Mağaza, todaypress.az,