Ağdərədə yanğınsöndürmə avtomobili qəza etdi, ölən var
Hadisə
14.09.2024 20:30
14 sentyabr 2024-cü il
tarixində saat 13:00 radələrində Ağdərə rayonu, Çardaqlı kəndində açıq ərazidə
baş vermiş yanğının söndürülməsinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin
Dövlət Yanğından Mühafizə Xidmətinin 1 ədəd “Kamaz” markalı yanğınsöndürmə avtomobili
qəza edib.
TodayPress xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Yol-nəqliyyat hadisəsi nəticəsində avtomobildə olan
yanğınsöndürən - 1983-cü il təvəllüdlü Allahverdiyev Elsevər Qəşəm oğlu
həyatını itirib, 4 nəfər yanğınsöndürən isə müxtəlif dərəcəli bədən xəsarətləri
alıb.
Xəsarət alan yanğınsöndürənlər müvafiq tibbi yardımın
göstərilməsi məqsədilə təcili olaraq Nazirliyin Aviasiya dəstəsinin helikopteri
ilə həkimlərin müşayiəti altında Bakı şəhərində yerləşən ixtisaslaşmış tibb
müəssisəsinə təxliyə olunublar.
tag: Ağdərə, FHN, Kamaz, Qəza,todaypress.az,