“Yüksəliş”in Kadr Bankı barədə təlimi keçirildi

Elm və Təhsil

05.05.2025 10:31

13

Azərbaycan Respublikası Prezidentinin Sərəncamını icra etmək məqsədilə “Yüksəliş” müsabiqəsi tərəfindən yaradılan Kadr Bankının insan resursları sahəsində çalışan rəhbər şəxslərə təqdimatı və təlimi baş tutub.   

TodayPress xəbər verir ki, tədbirdə müxtəlif dövlət və özəl qurumların insan resurları üzrə mütəxəssisləri iştirak ediblər. 

Tədbirin açılışında gənclər və idman nazirinin müavini, “Yüksəliş” müsabiqəsinin İşçi Qrupunun rəhbəri Fərhad Hacıyev çıxış edərək qonaqları salamlayıb və Kadr Bankının məqsədi, strukturu və əhəmiyyəti barədə ətraflı məlumat verib. 

O, təlimin əsas məqsədinin insan resursları üzrə rəhbərlərinə Kadr Bankından səmərəli istifadə yollarını öyrətmək olduğunu vurğulayıb. Ardınca “Yüksəliş” müsabiqəsinin İşçi Qrupu tərəfindən Kadr Bankı platformasının imkanları, funksionallığı və texniki aspektləri üzrə əyani təlim keçirilib.

Təlim iştirakçıları platforma üzərindən məlumat axtarışı, namizədlərin profillərinin dəyərləndirilməsi və ehtiyaclara uyğun kadr seçimi kimi vacib proseslərlə tanış edilib.

Qeyd edək ki, Kadr Bankına “Yüksəliş” müsabiqəsinin idarəetmə bacarıqları imtahanı, yarımfinal və final mərhələlərində iştirak etmiş şəxslər daxil edilib.

Onlar platforma üzərindən öz peşəkar fəaliyyətləri barədə məlumatları yerləşdirə və mütəmadi olaraq yeniləyə bilərlər.

Bu sistem ölkənin istedadlı və yüksək potensiala malik kadrlarının tanıdılması və onların dövlət və özəl sektor tərəfindən cəlb olunması baxımından mühüm alət rolunu oynayır.  Töhfə Səməd

tag: Yüksəliş,Bank,Təlim,Kadr,Todaypress.az,