“Vahid tələbə kartı” - Tələbələrə hansı imtiyazlar nəzərdə tutulub? - AÇIQLANDI
Elm və Təhsil
10.10.2024 13:50
Oktyabrın 15-dən Azərbaycanda tələbələrə "Vahid tələbə kartı"nın verilməsinə başlanacaq. Məlumata görə, "Vahid tələbə kartı"nın ilkin olaraq 11 universitetdə təhsil alan tələbələrə təqdim edilməsi nəzərdə tutulub. Sonrakı mərhələdə bu kartlar digər universitetlərə də şamil olunacaq.
Bildiyimiz kimi, ölkəmizdə kirayə evə və ictimai nəqliyyata xərclənən pullar tələbə xərclərinin əsasını təşkil edir. Bəs sözügedən güzəştli kart tələbələrin sadaladığımız xərclərini nə dərəcədə azaldacaq?
Təhsil üzrə ekspert Elçin Əfəndi bu barədə TodayPress-ə danışarkən bildirib ki, "Vahid tələbə kartı"nda ictimai nəqliyyat üçün güzəştlərin nəzərdə tutulması önəmldir:
“Hər birimizin də istəyi odur ki, xarici ölkələrdə tətbiq olunduğu kimi tələbələr bu kartlar vasitəsilə nəqliyyatdan güzəştli formada istifadə etsinlər. Məsələn, burada 15-20 gediş pulsuz ola bilər, tələbə, ümumiyyətlə, nəqliyyatdan ödənişsiz istifadə edə bilər və ya 50 faiz ödəniş edə bilər. Gələcəkdə bu imkanlar da tələbələrə yaradılacaq. Lakin “Vahid tələbə kartı"nda ilkin mərhələdə ictimai nəqliyyat üçün güzəştlər nəzərdə tutulmayıb”.
Ekspertin sözlərinə görə, hazırda "Vahid tələbə kartı" tələbələr ev almaq üçün hansısa güzəşt nəzərdə tutmur:
“Bu bir qədər böyük sərmayə tələb edir. Amma gələcəkdə hansısa tələbə kirayə qaldığı evə konkret, qanunauyğun şəkildə ödəniş edərsə, ödənişin müəyyən hissəsi geri qayıda bilər”.
Təhsil eksperti sonda əlavə edib ki, bu kartın verilməsi tələbələrə müəyyən imtiyazlar tanıyacaq. Burada başlıca məqsəd tələbələrin müəyyən qədər də olsa, maliyyə xərclərinə dövlət tərəfindən dəstəyin verilməsidir. Lakin qarşıdakı dövr ərzində təkcə 11 universitetlə kifayətləməməliyik. Bütün dövlət ali təhsil müəssisələri bu işə cəlb olunmalı, eyni zamanda, özəl ali təhsil müəssisələri də tədricən bu istiqamətdə təşəbbüs irəli sürməlidirlər.
Günəş Mərd
tag: Vahid tələbə kartı,Bakı,Kirayə,Pul,Güzəşt,Elçin Əfəndi,todaypress.az,