TTKF-nin 3 illik fəaliyyətinə dair hesabat tədbiri keçirildi - FOTO
Elm və Təhsil
20.12.2024 12:18
Təhsil Tələbə Krediti Fondunun 3 illik fəaliyyətinə həsr olunmuş tədbir keçirilib.
TodayPress xəbər verir ki, media nümayəndələri üçün təşkil edilən tədbirdə 20-yə yaxın mətbuat təmsilçisi iştirak edib.
Təhsil Tələbə Krediti Fondunun İdarə heyətin sədri vəzifəsini müvəqqəti icra edən Bəhruz Əzimov, Fondun yaranması, məqsədləri, qarşıya qoyulan hədəflər, təhsil tələbə kreditlərinin verilməsi qaydaları, geri ödənişlər və s. haqqında iştirakçılara ətraflı məlumat verib.
Bildirib ki, TTKF-nin elektron portalına bu günə kimi 58 mindən çox müraciət daxil olub, 46 minə yaxın TTK müqaviləsi rəsmiləşib. Bu məqsədlə 41 milyon manata yaxın vəsait təhsil müəssisələrinin hesablarına köçürülüb.
Fond tərəfindən davamlı şəkildə təbliğat, təşviqat və maarifləndirmə işlərinin aparıldığını qeyd edən B.Əzimov, hesabat dövrü ərzində respublika ərazisində yerləşən ali, orta ixtisas, peşə təhsili və ümumtəhsil müəssisələrində görüşlərin keçirildiyini və bu günə kimi bu görüşlərdə 55 minə yaxın şəxsin iştirak etdiyini diqqətə çatdırıb.
Təhsil tələbə kreditlərindən yararlanmış şəxslərin götürdükləri kreditləri geri qaytarmalarına dəstək olmaq məqsədilə, Fond tərəfindən görülən işlərə toxunan B.Əzimov, 3 il ərzində tələbələr və məzunlar üçün ödənişsiz təlimlərin təşkil olunduğunu, həmçinin onların müxtəlif təhsil forumları, iş yarmarkaları, karyera sərgilərində iştirak etmələrinə dəstək göstərildiyini, bu xüsusda onlarla gəncin işlə təmin edilməsinə nail olunduğunu bildirib.
O, məzunların işlə təmin olunmasına dəstək göstərmək üçün dövlət və özəl qurumlar ilə əməkdaşlıq əlaqələrinin qurulduğunu, 30-dan çox müəssisə ilə Anlaşma Memordumlarının imzalandığını, beləliklə, 1000-dən çox tələbənin təlimlərə cəlb olunduğunu, 600-dan çox tələbə və məzunun isə təcrübə proqramlarından yararlandığı diqqətə çatdırıb.
Vurğulayıb ki, Təhsil Tələbə Krediti Fondunun yaratdığı imkanlardan faydalanmaq üçün yaş məhdudiyyəti yoxdur:
“23 ailədə valideyn və övladlar da daxil olmaqla, ümumilikdə 69 nəfərin, 1 069 ailədə isə 2 nəfərin, yekun olaraq 2 min 318 nəfər tələbə adı qazanaraq təhsil krediti götürüb.
TTK-dan yararlanmış 6500-dən çox tələbə məzun olub və götürdükləri kreditləri aylıq kiçik məbləğlərlə geri ödəməyə başlayıb. Sosial TTK almış 173 tələbənin Ümumi Orta Müvəfəqqiyyət Göstəricisi (ÜOMG) yüksək oduğuna görə götürdükləri kreditlərin tam yarısı dövlət tərəfindən onlara bağışlanıb. 400-ə yaxın standart TTK almış məzunda isə bu güzəşt 25% təşkil edib. Hesabat dövrü ərzində təhsil göstəriciləri yüksək olan məzunlara bağışlanmış vəsaitin ümumi məbləği təqribən 444 min azn təşkil edib”.
Bu cür güzəştlərin təhsilin keyfiyyətinin artmasına birbaşa təsir etdiyini və tələbələri daha böyük əzmlə çalışmağa sövq etdiyini qeyd edən B.Əzimov, Fondun bundan sonra da ödənişli əsaslarla əyani təhsil alan tələbələrə dəstək olmağa hazır olduğunu, müraciətlərin semestrin sonuna qədər davam etdiyini bildirib.
Daha sonra media nümayəndələrinin sualları cavablandırılıb.
Günəş Mərd
tag: Tələbə, Təhsil, Fond ,Kredit, todaypress.az,