TTKF-dən tələbələrə şad xəbər: Alınan pulun yarısı bağışlanacaq - Rəsmi
Elm və Təhsil
24.07.2024 14:20
“Təhsil müddətində tələbənin bütün semestrlərdə ümumi orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 91 və yuxarı olarsa, sosial təhsil tələbə kreditinin 50 faizi bağışlanılır və qalıq hissə faizsiz 10 il ərzində geri ödənilir”.
Bu sözləri TodayPress-in sorğusuna cavab olaraq Təhsil Tələbə Krediti Fondunun şöbə müdiri Tehranağa Abdullayev bildirib.
O, tələbə kreditindəki bu ilə olan yeniliklərdən söz açıb. Şöbə müdirinin sözlərinə görə, 50 faizlik güzəşt sosial qurupa daxil olan tələbələr üçün nəzərdə tutulub. Əgər tələbə bu qurupa daxil deyilsə, o zaman standart növ tələbə krediti alır. Standart paketdə isə güzəşt belədir: tələbənin ÜOMG-si 91 və yuxarı olarsa, bu halda kreditin 25 faizi bağışlanılır və qalıq hissə faizsiz 10 il ərzində geri qaytarılır.
Şöbə müdiri, sosial növ təhsil tələbə krediti almaq hüququ olan şəxslərin əhatə dairəsinin genişləndirilməsi ilə bağlı da məlumat verib. Bildirib ki, qaydalara əsasən tələbələrə sosial növ təhsil tələbə krediti verildikdə, onların hər iki valideyninin, tək valideyni olduqda isə həmin valideynin sosial statusu nəzərə alınırdısa, dəyişikliklərdən sonra qəyyumluqda və ya himayədə olan tələbəblərin qanuni nümayəndələrinin də sosial statusları nəzərə alınaraq, onlara da sosial təhsil tələbə krediti veriləcək:
“Dəyişikliklərə nəzər salsaq görərik ki, "ailə başçısını itirməyə görə əmək pensiyası alan" tələbələr ilə yanaşı, bundan sonra əlavə olaraq “ailə başçısını itirməyə görə sosial müavinət alan” tələbələr də sosial təhsil tələbə kreditindən istifadə hüququ əldə edə biləcək. Vətəndaşlar iki statusun da eyni dərəcəli olduğunu düşünürlər. Lakin bu, belə deyil. Pensiya və müavinət ayrı-ayrı anlayışlardır. Əmək pensiyası kifayət qədər stajı olan, sosial müavinət isə minimum stajı olan və ya heç vaxt işləməyən insanlara təyin olunur. Odur ki, əvvəllər sadəcə pensiya alanlar üçün kredit nəzərdə tutulmuşdusa, indi bu sıralara müavinət alanlar da daxil edilib”.
Qeyd edək ki, dəyişikliklərə əsasən aşağıdakı statuslara malik şəxslərin övladları da sosial növ təhsil tələbə kreditindən yararlanmaq hüququ əldə ediblər:
- “Ailə başçısını itirməyə görə əmək pensiyası alan” valideyni olan tələbələr;
- “Bir valideynin orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilibsə və digər valideyn orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə və ya 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərə qulluq etdiyinə görə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan” tələbələr;
- “Bir valideyni azadlıqdan məhrumetmə və ya azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, digər valideyni qaydada qeyd olunan digər kateqoriyalardan hər hansı birinə uyğun olan” tələbələr.
Töhfə Səməd
tag: Təhsil,TTKF, Tehranağa Abdullayev ,Elm, Valideyn, todaypress.az,