Tətildə şagirdləri ev tapşırıqları ilə yükləmək hansı fəsadlara yol aça bilər? - AÇIQLAMA

Elm və Təhsil

18.03.2025 16:48

1114

"Tətillərdə azyaşlı uşaqlara çox ev tapşırıqlarının verilməsi, ciddi problemdir. Uşaqları yükləməklə isə biz heç bir uğura sahib ola bilməyəcəyik".

Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bunu TodayPress-ə danışarkən deyib.

Onun sözlərinə görə, müəllim şagirdləri ev tapşırıqları ilə yükləməzdən öncə düşünməlidir. Çünki, hazırda bütün dünyada, nəinki qeyri-iş günlərində ,ümumiyyətlə, adi dərs günlərində belə ev tapşırıqlarının azaldılmasına cəhd göstərirlər.     

"Ola bilər ki, bizim bununla bağlı təcrübəmiz yoxdur. Biz ev tapşırığı deyəndə nəzəri yüklənmədən o tərəfə gedə bilmirik. Amma bunu etməməliyik. Hər bir müəllimin özünün tədris etdiyi fəndən asılı olmayaraq, tətil günləri üçün ayrıca bir proqramı olmalıdır. Hazırda hər şeyin əsasını psixoloji yanaşma həll edir. Ev tapşırığının özündə də nəzəri motivlərlə bərabər psixoloji modullar var. Ev tapşırığı kitabı açan şagirdin psixikasına müəyyən dərəcədə təsir göstərir. Buna görə də tapşırıqları əyləndirici, praktiki yolla şagird üçün qavranılan tərzə gətirməliyik".     

Ekspert hesab edir ki, müəllimlər kitabda olmayan birbaşa öz təfəkkür və təxəyyülündən qaynaqlanan ev tapşırıqları hazırlamalıdır: 

"Şəxsən mən müəllim olsam, uşaqlar üçün tapşırıqları özüm hazırlayaram. Təbii ki, bu, bütün müəllimlərə aid deyil. Bir çoxu uşağı yormayan, qavrayış məntiqini, mühakimə bacarığını çox asan yollarla öyrənməyə imkan verən yaxşı tapşırıqlar verirlər. Bu günlərdə bəzi işbazlar tədrisdən kənar kitablar buraxırlar, müəllimlər də məzmununu bilmədən uşaqları həmin kitablarla yükləyirlər".   

Tədqiqatçı müəllimlərlə yanaşı valideynlərə də səslənərək, tətillərdə uşaqlara əlavə dərs yükü ilə yükləməmək barədə müraciət edib. O hesab edir ki, bu, sonradan şagirdlərin dərs prosesində 2 qat əziyyət çəkməsinə səbəb olur.

Türkan İsgəndərli

tag: Elmin Nuri,Ekspert,Ev tapşırığı,Şagird,Todaypress.az,

photo