Tələbələrin işlə təmin olunması müzakirə olundu
Elm və Təhsil
06.11.2024 15:35
Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) "B2G Forum"u baş tutub. Forumda universitetin rəhbərliyi, “Caspian Energy Club”ın əməkdaşları, sahibkarlar və tələbələr iştirak ediblər.
TodayPress xəbər verir ki, tədbirin əsas məqsədi Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və biznes müəssisələri arasında tərəfdaşlığın inkişafı; tələbələrin karyerası və işlə təmin olunmasıdır.
Çıxışçılar təqaüd proqramlarından, tələbələrin təhsillərini başa vurduqdan sonra işlə təmin olunmasından və xarici təcrübədən söz açıblar. Görüşdə ADNSU-nun beynəlxalq reytinqi nümayiş edilib. Bundan başqa, qarşıya qoyulan məqsədlər açıqlanıb.
Universitetin rektor əvəzi dosent Vazeh Əskərov bildirib ki, Azərbaycanda ilk dəfə Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) bərpa olunan enerji ilə bağlı magistratura təhsili verilir. Onun sözlərinə görə, iki ildir ki, ADNSU ilə Böyük Britaniyanın Vorvik Universiteti arasında ikili diplom proqramı davam edir. Bərpaolunan enerji mənbələri ixtisası üzrə magistratura səviyyəsində tədris təklif edən bu proqramın əsas hədəfi və məqsədi bərpaolunan enerji texnologiyalarından istifadə üzrə ixtisaslaşmış milli mütəxəssislərin hazırlanmasıdır.
Forum sual-cavab mərhələsi ilə davam edib.
Töhfə Səməd
tag: Tələbə, İş, Elm, Təhsil, Forum, ADNSU, todaypress.az,