Tələb və təklif: Məktəblərdə işarət dili tədris olunmalıdır? – MÜTƏXƏSSİS RƏYİ
“Ali təhsil müəssisələrində işarət dili ilə bağlı ixtisasların yaradılmasına xüsusi ehtiyac var”.
Təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri bunu qanunvericiliyə “Azərbaycan işarət dili” anlayışının daxil edilməsi ilə bağlı TodayPress-ə danışarkən deyib.
Onun sözlərinə görə, bu yenilik öz növbəsində “Azərbaycan işarət dili” anlayışı və onunla bağlı biliklərin inkişafına səbəb olacaq.
“Bu istiqamətdə xüsusi təhsil almış mütəxəssislərə də tələbatın artacağı şübhəsizdir. Belə olan halda ali təhsil müəssisələrində sırf bu istiqamətdə ixtisasların yaradılmasına xüsusi ehtiyac var. Ən pis halda subbakalavr səviyyəsi üzrə - yəni kolleclərdə işarət dilinin tədrisi aparılmalıdır ki, gələcəkdə bu istiqamətdə kadr boşluğu yaşamayaq”.
Tədqiqatçı məktəblərdə işarət dili ilə bağlı təhsilin zəruri olmadığını bildirib:
“Orta ümumtəhsil məktəblərində “Azərbaycan işarət dili”nin ənənəvi, yaxud fakültətiv fənn kimi tədris proqramına salınacağını düşünmürəm. Çünki bu, spesifik istiqamət olduğundan və eşitmə əngəlli şəxslər üçün nəzərdə tutulduğundan ümumi tədris predmeti olmaya bilər. Onsuz da eşitmə və digər fiziki əngəlli soydaşlarımız üçün xüsusi məktəblər, inklüziv tədris ocaqları fəaliyyət göstərir. Sağlamlıq məhdudiyyətli şəxslər üçün nəzərdə tutulan bu tədris ocaqlarında işarət dili üzrə ixtisaslaşmış müəllimlər var”.
E.Nuri düşünür ki, gələcəkdə kadr boşluğu yaranmasın deyə həmin inklüziv məktəblərin daxilində ayrıca işarət dili kursları yaratmaq olar.
İşarət dili müəllimi, pedaqoq Zəhra Zamanova da bu fikirlə razı olduğunu bildirib. O, məktəblərdə əlavə xarici dillərin keçildiyi kimi, işarət dilinin də tədris olunmasını təklif edib.
“Çünki cəmiyyətdə tipik və atipik insanlar var. Atipik insanların bizlərlə (tipik) normal ünsiyyət qurması üçün isə işarət dilini mütləq formada bilməliyik. Bu, bizim özümüzü düzgün və anlaşıqlı formada ifadə etməyimizə kömək olacaq”.
Qeyd edək ki, “Azərbaycan işarət dili” anlayışı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin fevralın 5-də keçirilən iclasında müzakirəyə çıxarılan “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanuna təklif olunan dəyişiklikdə öz əksini tapıb. Layihəyə əsasən, Azərbaycan işarət dili – eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsi deməkdir.
Töhfə Səməd
tag: İşarət dili,Elmin Nuri,Təhsil,Elm,Zəhra Zamanova ,Todaypress.az,

