“Təhsilin keyfiyyəti 700 balla ölçülməməlidir” – Ekspert
Elm və Təhsil
24.08.2024 12:10
“Hələ də qəbul etmək istəmirik
ki, təhsilin keyfiyyəti 700 ballıq şkala ilə ölçülə bilməz”.
Təhsil eksperti Nadir
İsrafilov bunu TodayPress-ə açıqlamasında deyib.
Onun sözlərinə görə, qəbul
imtahanında abituriyentin topladığı bal etalon deyil, nisbi göstəricidir:
“Kütləvi pedaqoji ədəbiyyatda
təhsilin keyfiyyəti cəmiyyətdə təhsil prosesinin vəziyyətini və səmərəliliyini
göstərən sosial kateqoriya kimi xarakterizə olunur. UNESCO-nun tərifinə əsasən təhsil şəxsiyyətin bacarıq və davranışlarının təkmilləşdirilməsinin elə bir
prosesidir ki, bu zaman o, əqli yetkinlik və fərdi inkişafa nail olur. Biz isə
hələ də təhsilin keyfiyyətini neçə nəfərin ali məktəbə qəbul olunması, neçə nəfərin
500-700 civarında bal toplaması ilə ölçürük”.
Ekspertin sözlərinə görə, test
üsulunun tətbiqindən illər keçsə də, məsələyə yanaşma tərzimiz dəyişməz olaraq
qalır. Hələ də qəbul edə bilmirik ki, təhsilin keyfiyyəti 700 ballıq şkala ilə
və ən başlıcası isə bir-iki ilin nəticələri ilə ölçülə bilməz:
“Bu məntiqlə yanaşsaq, 2017-ci
ildə 15, 2018-ci ildə 29 nəfər 700 ballıq tələbəmiz olub. Onda belə çıxır həmin illər təhsilimizdə
keyfiyyət özünün pik həddinə çatıb?! Bəs son illərdə təhsilimiz özünün ən
uğursuz illərini yaşayır?! Ümumiyyətlə, keyfiyyətli təhsil nə deməkdir? Hansısa
bir konkret nəticədən çıxış edərək, bütövlükdə təhsil sisteminin fəaliyyətini
qiymətləndirmək mümkündürmü?! İstənilən halda, bu ili ali məktəblərə qəbul
imtahanında abituriyent sayının artımı, ali təhsilin hamı üçün əlçatanlığını təmin
etmək, adambaşına düşən ali təhsillilərin sayına görə dünyanın aparıcı ölkələri
ilə rəqabət aparmaq baxımından ən uğurlu illərimizdən biri hesab etmək olar.
Bununla belə savadsızları-zəiflər, zəifləri-ortabablar, ortababları-güclülər
sırasına yüksəltməyin yollarını tapmaq barədə də düşünməliyik. Güclülər üçün isə
həmişə bütün yollar açıqdır”.
Günəş Mərd
tag: Təhsil,Bal,700,Qəbul,İmtahan,Keyfiyyət,todaypress.az,