Təhsilin İnkişafı Forumu başa çatdı
Elm və Təhsil
08.10.2024 15:50
“Gülüstan” sarayında 300 nəfər dövlət və özəl sektor nümayəndəsinin iştirakı ilə “Tərəfdaşlıqdan tərəqqiyə” devizi ilə Təhsilin İnkişafı Forumu keçirilib.
TodayPress xəbər verir ki, Elm və Təhsil Nazirliyi, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyi və Təhsilin İnkişafı Fondunun təşkilkatçılığı ilə baş tutan tədbirin məqsədi dövlət-universitet-sənaye tərəfdaşlığının dayanıqlı və davamlı inkişafı ilə yanaşı, birgə dialoq üçün uyğun platforma yaratmaq və prosesə hərtərəfli dəstək göstərməkdir.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibovun moderatorluğu ilə "Biliyi dəyərə çevirən sinerji" adlı paneldə çıxış edən elm və təhsil naziri Emin Əmrullayev bildirib ki, hazırda təhsilə investisiya məsələsi ən çox xaricdə təhsillə bağlıdır. Onun sözlərinə görə, fundamental elmi tədqiqatların olması vacibdir. Təkcə biznes təfəkkürü ilə hansısa köklü nəticə əldə etmək çətindir.
“İnnovasiya fəaliyyəti haqqında” qanun layihəsinin dövlət qurumları ilə razılaşdırılması başa çatıb və layihə artıq hökumətə təqdim olunub”. Bu fikri isə iqtisadiyyat nazirinin müavini Elnur Əliyev səsləndirib. Azərbaycanda texniki təmayüllü mühəndislik sahələrinə marağın artdığını diqqətə çatdıran nazir müavini qeyd edib ki, insanların işlə təminat səviyyəsi yüksəkdir.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev vurğulayıb ki, işğaldan azad edilmiş Cəbrayıl rayonunda peşə hazırlıq mərkəzi tikiləcək. Onun qənaətincə təhsil sistemi ilə əmək bazarı arasında ciddi əlaqənin qurulması təmin edilməlidir.
Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov, peşə təhsili alan tələbələrin digərlərinə nisbətdə daha tez iş tapdıqlarını vurğulayıb. O, qeyd edib ki, Azərbaycanda oktyabrın 15-dən tələbələrə "Vahid tələbə kartı"nın verilməsinə başlanacaq.
SOCAR-ın prezidenti Rövşən Nəcəf şirkətin hansı kadrlara önəm verdiyini açıqlayıb. Onun sözlərinə görə, SOCAR işə götürən zaman kadrların çalışdığı sahə üzrə ümümi bacarıqlarına, düşünülmüş dərəcədə riskə getmə, hədəfə çatmaq bacarığına xüsusi diqqət yetirir.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyin ("Azərkosmos") İdarə Heyətinin sədri Saməddin Əsədov, gələn il azərbaycanlı məktəblilərin hazırladığı peykin orbitə buraxılacağını deyib. Onun ABŞ-nin “Space X” şirkətinə məxsus raketlə orbitə buraxılması nəzərdə tutulur.
Forum ərzində 3 moderator və 21 spiker “Biliyi dəyərə çevirən sinerji”, “Tədqiqatdan inkişafa gedən yol”, “Gələcəyi gənclərə necə hazırlamalı?” panelləri üzrə müzakirələr aparıblar. Forum sual-cavabla yekunlaşıb.
Günəş Mərd