Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu işə başladı

Elm və Təhsil

04.10.2024 10:02

ADA Universitetində Təhsildə Yeni Çağırışlar V Beynəlxalq Forumu keçirilir. 

TodayPress xəbər verir ki, Beynəlxalq Forumun əsas məqsədi təhsildə yeni çağırışları müzakirə etmək, ekoloji təhsilə, xüsusilə "yaşıl təhsil" ideyasına diqqəti artırmaq, yeni dövrün təhsil tələblərini nəzərdən keçirərək keyfiyyətin daha da yüksəldilməsinə nail olmaqdır. 

“Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilən və COP29 ideyasını özündə ehtiva edən beynəlxalq forum “Daha təhsilli gələcək” devizi ilə baş tutub.  

Forumun əsas məruzəçiləri Dünya Təhsil Forumunun direktoru Dominik Savaj ilə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının təhsil və bacarıqlar üzrə direktoru Andreas Şleyxerdir. 

Forum “Ekoloji savadlılıq və davranış mədəniyyəti, təhsildə yaşıl çağırışlar və öhdəliklər, yaşıl bacarıqlar strategiyası: təhsilin gələcəyi və ekoloji innovasiyalar, təhsildə liderlik və ekoloji səmərəlilik, yaşıl öyrənmə mühiti və müəllim hazırlığı, təhsildə iştirakçılıq və əməkdaşlıq ekosistemi” mövzularını əhatə edəcək. 

Forum çərçivəsində “Təhsildə hansı yaşıl çağırışlar var və bu çağırışlar hansı öhdəliklər yaradır?”, “Təbiətlə dost olan şagirdlərin yetişdirilməsi üçün hansı addımların atılmasına ehtiyac var?”, “Ekoloji savadlılıq və davranış mədəniyyətinin inkişafına təkan vermək üçün təhsildə hansı ənənəvi yanaşmaları yeni yanaşmalarla əvəz etmək lazımdır?”, “Yaşıl məktəb ideyası mövcud kurikulumlara necə inteqrasiya olunmalıdır?” sualları ətrafında müzakirələr aparılacaq.

Günəş Mərd

tag: Forum ,Təhsil ,Elm, Savad ,ADA, Çağrışlar, todaypress.az,