Təhsildə "Texas" təcrübəsi: Ədaləti təmin edən yanaşma - AÇIQLAMA

Elm və Təhsil

11.01.2025 13:51

“Amerika təhsil sistemi, xüsusilə Texas ştatında təhsil imkanlarının fərqliliyini nəzərə alaraq qiymətləndirmədə bərabərsizliyin aradan qaldırılmasına yönəlmiş ciddi islahatlar həyata keçirir. Bu yanaşma “təhsil ədaləti” prinsipinə əsaslanır və məqsəd təhsil imkanlarının fərqliliyinin şagirdlərin akademik nailiyyətlərinin qiymətləndirilməsinə təsirini minimuma endirməkdir”.

TodayPress xəbər verir ki, bunu təhsil məsələləri üzrə ekspert Kamran Əsədov öz “Facebook” sosial şəbəkəsində yazıb. 

Onun sözlərinə görə, Texasda bu məsələni tənzimləmək üçün tətbiq edilən əsas mexanizmlərdən biri “Accountability Rating System” (Hesabatlılıq Qiymətləndirmə Sistemi) adlanır. Bu sistem məktəblərin və şagirdlərin performansını qiymətləndirərkən yalnız nəticələrə deyil, həm də sosial-iqtisadi amillərə, resursların mövcudluğuna və digər kontekstual faktorlara diqqət yetirir: 

“Texasda məktəblər və şagirdlər qiymətləndirilməzdən əvvəl onların yerləşdiyi bölgənin sosial-iqtisadi vəziyyəti, məktəbin resurs təminatı və müəllim heyətinin keyfiyyəti kimi amillər nəzərə alınır. Bu yanaşma “Relative Growth” (Nisbətən İrəliləyiş) metodu adlanır. Bu metod, daha zəif təhsil imkanlarına malik şagirdlərin irəliləyişlərini, yüksək resurslara malik olan şagirdlərin nailiyyətləri ilə müqayisə edərkən fərqli qiymətləndirmə meyarları tətbiq edir”.

Bu yanaşma yalnız şagirdlərin əldə etdiyi nəticələrə deyil, onların hansı şərtlərdə bu nəticələrə nail olduqlarına diqqət yetirir. Məsələn, zəif resurslarla fəaliyyət göstərən bir məktəbdən məzun olan şagirdin orta nəticəsi, daha yüksək imkanlara malik məktəbdən gələn eyni nəticəli şagirddən fərqli dəyərləndirilir. Bundan başqa: 

“Texas təcrübəsində “Socioeconomic Disadvantage Adjustment” (Sosial-İqtisadi Mənfi Təsirlərin Tənzimlənməsi) yanaşması da tətbiq olunur. Şagirdlərin qiymətləndirilməsi zamanı onların ailələrinin gəlir səviyyəsi, təhsil imkanları və məktəbin resurs təminatı kimi amillər nəzərə alınır. Tədqiqatlar göstərir ki, aşağı gəlirli ailələrdən olan şagirdlər, daha yüksək resurslara malik məktəblərdə oxuyan həmyaşıdları ilə müqayisədə akademik nailiyyətlərə çatmaq üçün daha çox çətinliklərlə üzləşirlər. Buna görə də, Texas təhsil sistemində bu cür şagirdlərə nailiyyətlərinin fərqli kontekstdə əldə edildiyini vurğulayan xüsusi qiymətləndirmə yanaşması tətbiq edilir”.

Ştatda həmçinin “Success Points” (Uğur Balları) sistemi də tətbiq edilir. Bu sistem çərçivəsində şagirdlərin mütləq nəticələri deyil, onların inkişaf tempi və şəraitə uyğun irəliləyişləri əsas götürülür: 

“Bu yanaşma, müxtəlif imkanlara malik şagirdlərin ədalətli müqayisəsini təmin etmək üçün nəzərdə tutulmuşdur. Məsələn, resurs çatışmazlığı olan məktəblərdə təhsil alan şagirdlərin 20%-lik irəliləyişi, yüksək imkanlı məktəblərdə oxuyan şagirdlərin 10%-lik irəliləyişindən daha yüksək dəyərləndirilir.

Texasda tətbiq olunan bu yanaşma, Azərbaycan üçün mühüm dərslər təqdim edir. Azərbaycanda şəhər məktəbləri ilə rayon və kənd məktəbləri arasındakı təhsil imkanlarının fərqliliyini nəzərə alaraq, qiymətləndirmə sistemində diferensial yanaşma tətbiq etmək zəruridir”. 

Kamran Əsədov müvafiq sistemin Azərbaycanda necə tətbiq olunacağı ilə bağlı məsələyə də toxunub. 

1. Kontekstual qiymətləndirmə sistemi: Şagirdlərin akademik nailiyyətləri qiymətləndirilərkən onların təhsil aldıqları mühitin xüsusiyyətləri nəzərə alınmalıdır.  

2. Nailiyyət əsaslı deyil, irəliləyiş əsaslı qiymətləndirmə: Texasın “Relative Growth” yanaşması kimi, şagirdlərin nailiyyətləri deyil, inkişaf tempi əsas götürülməlidir.  

3. Regional resursların bərabərləşdirilməsi: Texasın təcrübəsi göstərir ki, təhsil imkanları arasındakı fərqi aradan qaldırmaq üçün bölgələrə resursların bərabər paylanması əsas şərtdir. Azərbaycanda kənd və rayon məktəbləri üçün əlavə resurslar ayrılmalı, müəllimlərin peşəkarlığının artırılması üçün xüsusi proqramlar hazırlanmalıdır.

“Bu yanaşma yalnız akademik nailiyyətlərin deyil, həm də sosial ədalətin təmin edilməsinə töhfə verəcək. Şagirdlərin zəhməti və nailiyyətləri onların qarşılaşdığı şəraitə uyğun olaraq dəyərləndirilməli, təhsil bərabərsizliyinin təsirləri minimuma endirilməlidir” deyə o, paylaşımından bildirib. 

Töhfə Səməd

tag: Təhsil, Texas yanaşması, Kamran Əsədov, ABŞ, Azərbaycan, todaypress.az,

photo