Təhsil eksperti ilə DİM üz-üzə: “Abituriyent 1” jurnalı niyə çap olunmayıb?

Elm və Təhsil

19.02.2025 14:50

2301

“Dövlət İmtahan Mərkəzinin (DİM) ali və orta ixtisas təhsili müəssisələrinə qəbul üçün elektron ərizə qəbuluna start verməsi, lakin bu prosesə dair rəsmi “Abituriyent 1” jurnalının əvvəlcədən çap olunmaması, ciddi nöqsandır və abituriyentlərin haqlarının pozulmasına gətirib çıxarır”.

TodayPress xəbər verir ki, bunu təhsil üzrə Kamran Əsədov öz “Facebook” sosial şəbəkə hesabında yazıb. 

O bildirib ki, DİM-in bu prosesi şəffaf və əlçatan etməsi üçün əsas addımlardan biri “Abituriyent” jurnalını vaxtında çap etmək və ictimaiyyətə çatdırmaqdır. 

“Bu jurnal abituriyentlər üçün yalnız məlumat mənbəyi deyil, həm də onların hüquqlarını bilmək, qəbul qaydalarından xəbərdar olmaq və elektron ərizə vermə prosesində yolunu itirməməsi üçün əsas bələdçidir.  Jurnal çap edilmədiyi və ya gec dərc edildiyi halda, abituriyentlər ya yanlış məlumat alır, ya da ümumiyyətlə ərizə prosesinə dair biliklərdən məhrum olur”.   

Ekspertin sözlərinə görə, DİM-in illərdir davam edən ən böyük problemlərindən biri jurnalların lazımsız vaxtda çap edilməsi və yayılmasıdır.   

“İxtisas seçimi jurnalı seçim prosesinə bir gün qalmış çap edilir, indi isə abituriyentlər və kolleclərə müraciət edənlərə yol göstərən “Abituriyent 1” jurnalı ümumiyyətlə yoxdur. Bunun nəticəsi isə aydındır: insanlar ya ərizəni düzgün doldura bilməyəcək, ya da məcburən ödəniş qarşılığında kimlərdənsə bu xidməti almalı olacaq. Bu DİM-in ictimai vəzifəsini yerinə yetirməməsi deməkdir. Qurum abituriyentlərin qəbul prosesində iştirakını rahatlaşdırmaq əvəzinə, onları çətin vəziyyətə salır və kommersiya maraqlarını gücləndirir”. 

Mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzindən TodayPress-in sorğusuna cavab olaraq bildirildi ki, ərizə qəbulu başlayanda bu proseslə bağlı iştirakçılar üçün lazımi məlumatlar təqdim olunur. 

“Ərizə qəbulu elektron formada aparılır və çox sadə bir prosesdir. Bundan əlavə, "Abituriyent 1" jurnalında verilən qəbul imtahanı proqramları sentyabrdan ictimaiyyətə təqdim olunub, hazırda pdf formasında saytımızda var. Buraxılış imtahanı proqramları isə "Abituriyent" jurnalının xüsusi buraxılışında artıq dərc olunub". 

Qeyd edək ki, fevralın 20-sindən ali təhsil müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün qeydiyyat (ərizə qəbulunun I mərhələsi) başlayır.

Töhfə Səməd

tag: DİM,İmtahan,Ərizə,Mərkəz,Todaypress.az,