Təhsil eksperti DİM-i qınadı: “Tədris ilinin sonuna 14 həftə qalmış imtahan keçirmək absurddur”

Elm və Təhsil

03.03.2025 17:45

2385

"Dərslərin ağırlığı şagirdlərdə çox ciddi travmalar yaradır".     

Təhsil eksperti Elşən Qafarov bu fikirləri Todaypress-ə danışarkən bildirib. 

O, buraxılış və qəbul imtahanlarının tədris ilinin sonuna 14 həftə qalmış keçirilməsini absurd hesab etdiyini vurğulayıb:    

"34 həftəlik tədris ilin sonuna 14 həftə qalmış buraxılış imtahanları keçirilir və bu buraxılış imtahanlarının nəticələrinin hesablanması altı həftə çəkir. Absurd bir vəziyyətlə üz-üzə qalmışıq. Dövlət İmtahan Mərkəzi əsas gətirir ki, açıq tipli suallara görə belədir. Digər tərəfdən təhsil alanların yekun attestasiya qaydaları var. Amma Nazirlər Kabinetinin 12 dekabr 2016-cı il tarixli 498 nömrəli qərarına əsasən, ümumi və tam orta təhsil səviyyələrində yekun qiymətləndirmə illik qiymətlər əsasında aparılmalıdır. 

Buraxılış imtahanlarındakı suallar (Hansı ki, bu, qəbul imtahanında əsas həlledici rol oynayır) qəbul imtahanlarında beşinci sinifdən doqquzuncu sinifə qədər proqrama yenidən salınır. 11-ci sinifdə buraxılış imtahanlarında isə suallar 5-ci sinifdən 11-ci sinifə qədər proqrama yenidən salınır. Bu, doğru yanaşma deyil. 

Bunun üçün ilk növbədə əgər 9-cu sinifin digər fənləri üzrə məhz həmin sinifə illik qiyməti götürülürsə, buraxılış imtahanlarındakı materiallar da elə doqquzuncu sinifin materiallarından salınmalıdır, bu, 11-ci sinifə də aiddir".  

Ekspertin fikrincə, buraxılış imtahanlarında yalnız 9-cu və 11-ci sinif proqramları əsas götürülməlidir. 

"Bunlar olmadığına görə və 11-ci sinifə gəlib çıxan şagird, abituriyent beş-altı il keçdiyi proqramları sürətli şəkildə bir də repetitor yanında keçmək məcburiyyətində qalır. Bu səbəbdən çox yorulurlar. Gündə 14-15 saat ancaq oxumaq, dəftər-kitabla məşğul olmaqdan bezirlər. Bu, uşaqlara psixoloji və fizioloji ziyanlar vurur. Bütün bunları nəzərə alaraq düşünürəm ki, Dövlət İmtahan Mərkəzi buraxılış imtahanlarında sualları 9 və 11-ci sinifdən salmalıdır. Belə olduqda repetitorluq da bu qədər geniş yayılmaz. Əsasən də uşaqların səhhəti və psixoloji durumu bu dərəcədə istismar olunmaz".

Türkan İsgəndərli

tag: Təhsil,İmtahan,DİM,Buraxılış,todaypress.az,

photo