Rektor: “Dini təhsil olduqca vacibdir”
Elm və Təhsil
16.10.2024 11:25
"Dinin əsas prinsiplərinin cəmiyyətə doğru şəkildə çatdırılması üçün dini təhsil olduqca vacibdir".
TodayPress xəbər verir ki, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyindəki Azərbaycan İlahiyyat İnstitutu (Aİİ) və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə “Müasir dini təhsil modelləri ənənələr və qlobal çağırışlar kontekstində” mövzusuna həsr olunan respublika elmi-praktik konfransında bildirib.
O, diqqətə çatdırıb ki, dini təhsil həm də cəmiyyətin təhlükəsizliyi baxımından böyük əhəmiyyət kəsb edir:
"Din dəyərlər sistemi, cəmiyyətin mənəvi inkişafında və ictimai vəhdətin təminində mühüm rol oynayır. Bununla yanaşı, dinin səhv interpretasiyası milli-mənəvi birliyə aparmır, əksinə, ictimai bölünməyə gətirib çıxarır. Dini biliklər doğru mənbələrə əsaslanaraq şərh olunmalı, həmçinin müasir dövrün reallıqları da nəzərə alınıb cəmiyyətə çatdırılmalıdır. Dini təhsilin düzgün aşılanması dinin özünü təhriflərdən qoruyur, milli-mənəvi vəhdətin təmin edilməsinə töhfə verib, cəmiyyəti radikal dini tendensiyalardan sığortalayır".
Rektor öz çıxışında daha sonra vurğulayıb ki, dünyada dini təhsilin müxtəlif modelləri mövcuddur ki, bunlardan biri də tədrisdə bir dini və ya məzhəbi əsas götürən konfessional tədrisdir.
Aqil Şirinov sonda Azərbaycan İlahiyyat İnstitutunda və onun yanında fəaliyyət göstərən Bakı İlahiyyat Kollecində din tədrisinin din haqqında və dindən öyrənmə modellərinə uyğun şəkildə aparıldığını bildirib.
Günəş Mərd
tag: Dini Təhsil ,Aqil Şirinov ,Cəmiyyət ,Təhsil ,Dini Dəyərlər ,todaypress.az,