“Qalib Ölkənin Qalibləri“ mükafatlandırıldı - FOTO

Elm və Təhsil

17.12.2024 16:50

17 dekabr 2024-cü il tarixində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və istedadlı uşaqların iştirakı ilə “Qalib Ölkənin Qalibləri-2024” adlı mükafatlandırma mərasimi keçirilib.

TodayPress xəbər verir ki, uşaqların həyatlarının erkən vaxtlarından özlərini qələbəyə köklədiyini qeyd edən Ailə, Qadın  və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova onları təbrik edib, yeni və daha böyük uğurlar arzu edib: 

"Hər bir ölkə üçün görüləcək ən vacib iş onun başlıca sərvəti olan insan kapitalının inkişafına sərmayə qoyulması, diqqət və qayğı göstərilməsidir. Ulu öndər Heydər Əliyev tərəfindən bünövrəsi qoyulan bu siyasətin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir".

Bahar Muradova qələbə qazanan uşaqların uğurlu nəticələrinin hər həsi qürurlandırdığını vurğulayaraq, əlavə edib ki, bu gün orta ümumtəhsil məktəblərində yaradılan maddi-texniki baza, yüksək “smart” yeniliklər imkan verir ki, uşaqların uğurlarının miqyası daha da genişlənsin, nailiyyət qazandqları hər bir sahədə peşəkar olmaq üçün imkanlara əlçatanlıqları təmin edilsin. 

Azərbaycanda uşaqların inkişafına həsr olunmuş ictimai təşəbbüslərin və genişmiqyaslı layihələrin reallaşdırıldığını qeyd edən Komitə sədri, bu sahədə Birinci vitse-prezident xanım Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətini və vacib rolunu xüsusilə vurğulayıb. O, əlavə edib ki, uşaq və gənclərin inkişafı üçün görülən işlər digər ölkələrin də Azərbaycana marağını artırmış, layihələrdə birgə iştirak etmək həvəslərini artırmışdır: 

“Uşaq və gənclərlə işləmək həm qürurvericidir, həm də böyük zəhmət və səy tələb edir. Eyni zamanda onlarla birgə bu yolu getmək, düşüncələrini öyrənmək, istək və arzularını dinləmək bu və ya digər ehtyaclarını öyrənmək və təmin etmək həm şərəfli, həm çətin, həm də maraqlıdır”.

Elm və təhsil nazirinin müavini Firudin Qurbanov müxtəlif sahələrdə qazandıqları nailiyyət münasibətilə uşaqları təbrik edib. Nazir müavini bildirib ki, bu gün gənclərin istedadının aşkar olunması və inkişaf etdirilməsi üçün hər cür şərait yaradılır: 

"Siz bacarıqlarınızı ölkənin iqtisadiyyatını müəyyən edən sahələrdə tətbiq edərək, dövlətimizin inkişafını təmin edəcəksiniz. Hər bir gəncdə istedad var, sadəcə onu görmək lazımdır".

Firudin Qurbanov hər il Respublika fənn olimpiadalarında kifayət qədər istedadlı şagirdin iştirak etdiyini və aşağı siniflərdə təhsil alanların olimpiada mərkəzlərinə cəlb olunduqlarını qeyd edib. Qeyd edib ki, bir neçə il öncə olimpiadalarda yüksək nəticələr əldə edən gənclər hazırda dünyanın bir sıra ölkələrində yüksək vəzifələrdə çalışırlar. 

Gənclər və idman nazirinin müavini Fərhad Hacıyev çıxışında bildirib ki, dünyanın hazırki inkişaf sürətinə çatmaq üçün uşaqlar daim öz üzərində çalışmalı və müxtəlif sahələrdə potensiallarını inkişaf etdirməlidirlər. 

Azərbaycanın qazandığı tarixi qələbədən sonra övladlarımızın suverenliyini tam bərpa etmiş bir ölkədə böyüdüyünü bildirən F.Hacıyev əlavə edib ki, bugünki güclü dövlətimizi qoruyub saxlamaq və daha işıqlı bir gələcəyə aparmaq yolunda siz uşaqların üzərinə böyük məsuliyyət düşür.  

Mədəniyyət Nazirliyinin müşaviri Cəsarət Valehov süni intellekt əsrində yaradıcı təfəkkürün əhəmiyyətindən bəhs edib. O, rəqəmsal dünyada öz istedadı və bacarığı ilə seçilməyi bacaran uşaqların uğurlarını yüksək qiymətləndirib. 

Tədbirdə elm, təhsil, mədəniyyət və idman sahələrində il ərzində Azərbaycanı beynəlxalq olimpiada və yarışlarda təmsil edərək qalib gəlmiş 100 uşaq mükafatlandırılıb.

Sonda mədəniyyət sahəsində uğur qazanmış uşaqlar tərəfindən müxtəlif musiqi alətlərində ifalar səsləndirilib.

tag: Tədbir, Bahar Muradova, Qalib, Uşaq,Mükafat ,Firudin Qurbanov ,Cəsarət Valehov, todaypress.az,

photo
photo
photo
photo
photo