"Oğru aləmi"ni tərənnüm edən mahnıya görə direktor işdən çıxarıldı

Elm və Təhsil

24.06.2024 19:40

Samuxda “Son Zəng"lə bağlı təlimatın pozulduğu məktəbin direktoru ilə əmək müqaviləsinə xitam verilib.

TodayPress xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, ümumi təhsil müəssisələrinə “Son Zəng” tədbirlərinin keçirilməsi qaydalarını tənzimləyən müvafiq təlimat öncədən göndərilib.

"Bəzi hallarda təlimatın tələblərinin pozulduğu hallar da müşahidə olunub. Həmin hallarla bağlı araşdırma aparılıb. Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmrinə əsasən Samux rayon İnstitut qəsəbə tam orta məktəbin direktoru ilə bağlanmış əmək müqaviləsinə xitam verilib" - məlumatda qeyd edilib.

Qeyd edək ki, Samuxda keçirilən “Son Zəng” tədbirində kriminal aləmə aid mahnı səsləndirilmişdi. Məktəbin məzunlarının müəllim heyəti ilə bu mahnının sədaları altında rəqs etməsi birmənalı qarşılanmayıb.

tag: Məktəb, "Son Zəng", Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Samux rayonu, todaypress.az,