Misir Mərdanov: “Təəssüf ki, mən də bunu bacarmadım”
“Müəllimlərin bayram və bir sıra özəl günlərdə valideynlərdən sifarişli formada hədiyyə istəməsi mənim təhsil naziri olduğum dövrdə də var idi. Qarşısını almağa çalışmışam, lakin təəssüf ki, alınmayıb. Bu, bizim cəmiyyətimizin ən böyük bəlasıdır”.
Sabiq təhsil naziri, professor Misir Mərdanov bunu TodayPress-ə müsahibəsində deyib.
O, diqqətə çatdırıb ki, valideynlər hesab edirlər ki, onun uşağına dərs deyən müəllimə nə isə əlavə bir “hörmət” etməsə, uşağı ilə yaxşı məşğul olmayacaq.
“Biz bu sindromu sındırmalıyıq. Ümumiyyətlə, cəmiyyətdə belə bir fikir olmamalıdır. Hamı bilməlidir ki, məktəb və müəllim dövlətindir. Dövlət məktəbi saxlayır və müəllimə də kifayət qədər əməkhaqqı verir. Müəllimin isə borcu ona verilən tapşırıqları yerinə yetirməkdir. Kim bu tapşırıqları yerinə yetirmirsə, qanun qarşısında cavab verməlidir”.
Professorun fikrincə, müxtəlif məktəblərdə baş verən bu hadisələri geniş miqyasda – korrupsiya hadisəsi kimi adlandırıb, müəllim və məktəbi hörmətdən salmaq da yanlışdır. Məsələn, müəllimə bir dəstə gül vermək korrupsiya hesab edilməməlidir. Bu, düzgün deyil. Ümumiyyətlə, təhsil ocaqlarında baş verən mənfi halları çəkib işıqlandırmaqdansa, müsbət hadisələri yaymaq daha doğru olar.
Töhfə Səməd
tag: Misir Mərdanov,Nazir,Elm,Təhsil,Todaypress.az,