Məleykə Abbaszadə: “İmtahanların əksər mərhələləri avtomatlaşdırılıb”

Elm və Təhsil

24.04.2025 11:54

10

“Bizim sistem bütün növ imtahanlar üçün xüsusi olaraq yaradılmış avadanlıq, proqram təminatı və metodologiyanı özündə birləşdirən dəqiq işləyən mexanizmə əsaslanır”.

TodayPress xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə DİM ilə Gürcüstanın Milli Qiymətləndirmə və İmtahan Mərkəzi arasında əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanma mərasimində deyib.

O bildirib ki, uzun illərdir tətbiq olunan açıq sosio-texniki sistem imtahan prosesini tam avtomatlaşdırmağa imkan verir:

“Qərar qəbul edən şəxs yalnız texnoloji, metodiki və texniki cəhətdən bu imkana malik olmalıdır və onun qərarı konkret şəxsin nəticəsinə təsir göstərə bilməz. Kütləvi proseslər isə sistematik və ardıcıl alqoritmlərlə idarə olunur. Biz beynəlxalq standartlara əsaslanaraq qiymətləndirmə aparırıq və bununla Azərbaycanda təhsil və dövlət idarəetmə xidmətlərinin keyfiyyətinin yüksəlməsinə töhfə veririk”.

M. Abbaszadə əlavə edib ki, qurum ölkədə informasiya texnologiyalarını kütləvi proseslərə tətbiq edən ilk dövlət qurumudur və imtahanların əksər mərhələləri artıq avtomatlaşdırılıb.

O, elektron imtahanlar korpusunun yaradılmasının bu sahədə rəqəmsallaşmaya atılan ilk addım olduğunu vurğulayıb.   

“Bu sistem sayəsində ölkənin istənilən yerində imtahan keçirmək mümkündür” deyə sədr fikrini sonlandırıb. 

Qiymət Mahir

tag: DİM,Məleykə Abbaszadə,Gürcüstan,Memorandum,Todaypress.az,