“Məktəblərdə tərbiyə sistemi pozulub” - EKSPERT ÜSYAN ETDİ
“Məktəblərin bir çoxu psixoloqla təmin olunmayıb”.
Təhsil eksperti Elşən Qafarov bunu TodayPress-ə danışarkən deyib.
O, iddia edib ki, psixoloqla təmin olunan məktəblərdə isə həmin şəxslərin rahat formada çalışması üçün lazımi şərait yaradılmayıb.
“Psixoloqlar yalnız təhsil ocağında aqressiv hallar yaşandıqda yada düşür. Lakin psixoloq təhsil ocağında əsas mütəxəssislərdən biridir. Buna baxmayaraq, onların əməkhaqqı az qala texniki işçi ilə eynidir. Ona görə də məktəb psixoloqlarının böyük əksəriyyəti təhsil ocaqlarından uzaqlaşıb, özlərinə başqa sahələrdə iş tapırlar. Qalanlarının isə işləmək motivasiyası olmur”.
Ekspert diqqətə çatdırıb ki, məktəb direktorları və təhsil idarəetmə orqanları psixoloji xidmətlə bağlı mühiti yaxşı təmin edə bilmirlər. Buna görə də şagirdlər arasında qarşıdurma və digər kriminal hallarla bağlı xəbərləri tez-tez eşidirik:
“Son vaxtlar məktəblilər arasında baş qaldıran aqressiya hallarının əsas səbəbi tərbiyə sisteminin pozulmasıdır. Təəssüf ki, bir çox təhsil idarəetmə orqanlarında işləyənlərin təhsil sistemi ilə əlaqəsi yoxdur. Belə olan halda biz ümumitəhsil sistemində hansı tərbiyə mühitindən danışa bilərik? Psixoloji xidmət olmadan tərbiyə mühitini qurmaq mümkün deyil. Təhsil idarəetmə orqanlarının həm tərbiyə işindən, həm də psixoloji işdən anlayışsız olması bu işin tamamilə nəzarətsiz olmasına gətirib çıxarıb. Nəticə etibarilə Azərbaycan məktəblərində tərbiyə mühiti yox səviyyəsindədir”.
Elşən Qafarovun fikrincə, günahkar axtarmaq lazım gələndə psixoloqların "yaxasından tutmaq" lazım deyil. Məktəblərdə bıçaqlanma, xəsarət yetirmə halları getdikcə kütləviləşir. Biz yalnız ictimailəşən hadisələrdən xəbər tuta bilirik. Amma məktəblərdə sosial şəbəkələrdə yayılmamış, üstü bağlanmış "n" sayda belə hadisələr yaşanır.
“Bu baxımdan düşünürəm ki, bu kimi halların qarşısını almaq üçün ilk növbədə təhsil sistemində təhsillə bağlı olan insanlar işləməlidir. Bundan başqa, təhsil idarəetmə orqanlarında, məktəblərdə tərbiyə və psixoloji mühitin yaradılması ilə bağlı konkret addımlar atılmalıdır. Biz yalnız o zaman aqressiya hallarının qarşısını ala bilərik” deyə o yekunlaşdırıb.
Töhfə Səməd
tag: Elşən Qafarov,Təhsil eksperti,Məktəb,Azərbaycan,Psixoloq,Todaypress.az,
