Məktəblərdə telefon qadağan edilir? - AÇIQLAMA

Elm və Təhsil

30.08.2024 16:33

“Valideynlər övladlarına o qədər bahalı telefon alırlar ki, uşaqlar özlərini onu məktəbə aparmağa məcbur hiss edirlər”. 

Psixoloq Gülnar Orucova bunu TodayPress-ə açıqlamasında deyib.  

Onun sözlərinə görə, valideynlər uşaqları ilə xəbərləşmək üçün onlara telefon versələr də, bu, düzgün deyil: 

“Valideynlər onsuzda uşaqlarının məktəbdə olduğunu bilirlər. Bizim məktəbdə oxuduğumuz illərdə məktəblilərdə telefon yox idi və biz orta məktəbin telefonu ilə valideynimizə zəng edirdik. İndi də orta məktəblərdə bu qayda tətbiq oluna bilər”. 

Psixoloq hesab edir ki, şagirdlər məktəbə telefon apardıqda həmin telefonlar məktəbin giriş qapısında alınmalıdır: 

“Telefonların dərs otağına keçirilməsi məqsədəuyğun deyil.  Bunun ağır nəticələrini daha öncələr də görmüşük. Belə ki, şagirdlər müəlimlərə qarşı düzgün olmayan hərəkət edib onu telefona çəkiblər və ya dərs prosesində hər hansı problem çıxaracaqlarını öncədən sözləşərək videoya çəkib sosial şəbəkələrdə paylaşıblar. Həmin videolar daha da yayılaraq digər məktəblilər tərəfindən təkrar olunmağa başlayır. Məktəbə gedən uşaqlar öz telefonlarını məktəbin giriş qapısında siyirtməyə qoysalar, daha yaxşı olar. Özəl məktəblərdə bu prosesə nəzarət olunsa da, dövlət məktəblərində buna nəzarət olunmur”.

Ekspert onu da qeyd edib ki, orta  məktəblərdə yeniyetmələrin çantalarını  axtarıb onlardan gizlin şəkildə sinif otağına keçirdikləri telefonları götürmək düzgün yanaşma deyil. Bu, onların özgüvənini zədələyə bilər: 

“Şagirdlərin çantasını axtarmaq yerinə dərs başlamazdan öncə onların telefonlarını alıb siyirtməyə qoymaq daha yaxşıdır. Məktəbdə buna nəzarət edən şəxslər olmalıdır”. 

Günəş Mərd

tag: Telefon, Məktəblər, Valideynlər, Nəzarət, Psixoloq, Gülnar Orucova, todaypress.az,

photo