Məktəblərdə “Son zəng” ilə bağlı pul yığıla bilər? – Qanun və təcrübə nə deyir?
Sosial şəbəkələrdə Bakı şəhərində yerləşən 207 nömrəli tam orta məktəbin direktoru Yaqut Müseyibliyə məxsus olduğu iddia edilən səs yazısı yayılıb. Səs yazısında o, “Son zəng” üçün pul yığılmasını tələb edib və pul verməyən şagirdlərin tədbirdə iştirakına icazə verilməyəcəyini qeyd edib.
Məsələyə ilə bağlı təhsil eksperti Elçin Əfəndi TodayPress-ə bildirib ki, istənilən halda məktəblərdə pul yığılması ilə bağlı səsləndirilən fikir qanunvericilik tələbinin pozulmasıdır.
Ekspertin sözlərinə görə, məktəblərdə yalnız qanunvericilikdə nəzərdə tutulan hallarda və valideynin razılığı ilə könüllü ianə şəklində ödənişlər edilə bilər.
O qeyd edib ki, hazırda müzakirə olunan hadisədə məktəb direktorunun əsas məqsədi aydın olmasa da, səsləndirilən fikirlər qanunvericiliyin tələbləri ilə ziddiyyət təşkil edir:
"Təhsil müəssisələrində şagirdlərdən və valideynlərdən məcburi qaydada ödəniş yığılması qanunvericiliyə ziddir. Əgər direktor öz şəxsi mənfəətini güdürsə, o zaman vəzifəsindən azad edilə, xəbərdarlıq və ya töhmət ala bilər. Düşünürəm ki, belə hallara yol verən şəxslərə qarşı qanunvericiliyin nəzərdə tutduğu tədbirlər görülməlidir ki, bu, digərləri üçün də nümunə olsun".
Elçin Əfəndi əlavə edib ki, "Son zəng" üçün şagirdlərdən pul yığılması qanunsuzdur və yolverilməzdir.
Tədbirlər məktəbin daxili imkanları və yerli icra hakimiyyətinin dəstəyi ilə təşkil olunmalıdır.
TodayPress məsələ ilə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) sorğu ünvanlayıb.
Qurumdan qeyd olunub ki, "Son zəng" tədbirinin təşkilinə dair Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin müvafiq təlimatı məktəb rəhbərinin nəzərinə çatdırılıb, tədbirin keçirilməsi ilə bağlı tələblərə əməl olunması barədə aidiyyəti tapşırıqlar verilib.
Əlavə edilib ki, iddialarla bağlı araşdırma aparılacaq və aparılan araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.
Türkan İsgəndərli
tag: Elçin Əfəndi,Ekspert,Son Zəng,Pul,Todaypress.az,
