“İnsan alverinin qurbanı ola bilərsiniz” - DƏLLALLARIN TƏHSİL TƏLƏSİ! - Ekspert rəyi
Elm və Təhsil
13.09.2024 16:19
Hər il olduğu kimi, bu dəfə də buraxılış imtahanlarından dərhal sonra mövsümü “alverçilər” ortaya çıxdı. Xaricdə təhsil vəd edən fırıldaqçı şəbəkələrin düsturları isə eynidir: “Təkcə attestatla, ölkədən kənara çıxmadan dünyanın nüfuzlu ali məktəblərinə qəbul olmaq mümkündür”.
Məsələ ilə bağlı TodayPress-ə danışan təhsil eksperti Elçin Əfəndi bildirdi ki, xaricdə təhsil olduqca riskli məsələdir. Belə ki, vətəndaşlar burada dəllallar, işbazlarla qarşılaşa, hətta insan alverinin qurbanına çevrilə bilərlər. Onun fikrincə, bu sahədə ən optimal üsul dövlət xətti ilə rəsmi qəbul almaqdır. Amma təəsüf ki, bəzi vətəndaşlar bu üsuldan qaçıb, qeyri-qanuni yollara üstünlük verirlər ki, onların da əksəriyyəti oğlanlardır. Bunun başlıca səbəbi isə hərbi xidmətdən möhlət almaq və ya yayınmaqdır. Nəticədə özlərini həmin mövsümlük şirkətlərin qurbanına çevirirlər.
“Şirkətlər tələbələrə bir sıra vədlər verərək aldatmağa çalışırlar. Məsələn, bildirilir ki, ölkəni tərk etmədən də xaricdə təhsil almaq mümkündür. Lakin bizim qanunvericiliyimizə əsasən, xaricdə distant təhsil alanların diplomları tanınmır. Nəticə etibarilə yenə də əziyyət çəkən sadə vətəndaşlar olur”.
Elçin Əfəndinin sözlərinə görə, əgər hər hansı bir şirkətlə bu istiqamətdə əməkdaşlıq ediləcəksə, o zaman həmin qurum haqqında müfəssəl araşdırma aparılmalı, ən azı 10-15 il təcrübəsi olan təşkilatlara müraciət edilməlidir. Bundan başqa, o, həmin şirkətin təklif etdiyi universitetlərin adlarını Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən yayımlanan siyahıda olub-olmadığını öyrənməyi tövsiyyə etdi.
“Həmçinin şirkətin təklif etdiyi ixtisaslara da diqqət yetirmək lazımdır. Biz baxmalıyıq ki, Azərbaycanda həmin sahənin gələcəyi varmı və ya o ixtisas üzrə kadra ehtiyac varmı? Eləcə də, rəsmi qəbul aldıqdan sonra əyani təhsil alacaqlarına görə tələbələrin giriş-çıxışını özündə əks etdirən ümumivətəndaş pasportunda müvafiq qurumların möhürləri olmalıdır. Bütün bunlar qaydasında olduğu təqdirdə gələcəkdə hər hansısa ciddi problem yaşanmayacaq”.
Qeyd edək ki, TKTA xaricdə onlayn formada təhsillə bağlı xəbərdarlıq edib. Bildirilib ki, tanınma (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi) Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”na (bundan sonra Qaydalar) əsasən yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir.
Töhfə Səməd
tag: Təhsil, Dəllallar, Xarici Təhsil, Azərbaycan ,İmtahanlar, Elçin Əfəndi ,todaypress.az,