İkinci təhsil: Ehtiyacdan yaranan zərurət yoxsa tendensiya?

Elm və Təhsil

12.04.2025 15:40

11

"Əlavə təhsilə şəxslər məhz ehtiyacdan gedirlər. Bu, onların seçimindən yox, daha çox vəziyyətin diktə etdiyi bir addımdır".

Təhsil eksperti Rizvan Fikrətoğlu bunu TodayPress-ə danışarkən bildirib.

O, əlavə təhsilə zərurətin bir neçə əsas səbəbini sadalayıb: 

"Bəzi şəxslər vaxtilə istədikləri ixtisasa qəbul ola bilmədikləri üçün və ya həmin ixtisas üzrə topladıqları bal kifayət etmədiyindən başqa sahədə təhsil alıblar. Bundan başqa, bitirdikləri ixtisas üzrə iş tapa bilməyənlər də var ki, hər iki halda şəxslər çarə kimi əlavə təhsilə üz tuturlar. Bu sahədə artıq müvafiq qanunvericilik bazası da formalaşdırılıb". 

Ekspert diqqətə çatdırıb ki, müsabiqədənkənar təhsilin üstünlüklərindən biri odur ki, burada əsasən qəbul imtahanı yoxdur. Lakin bəzi universitetlər daxili imtahan və ya müsahibə keçirə bilərlər.  Bundan başqa, müvafiq təhsil formatının mənfi cəhəti də var. Belə ki, müsabiqədənkənar təhsil yalnız ödənişli əsaslarladır və heç bir güzəşt tətbiq edilmir.

"Ali təhsil müəssisəsini bitirən şəxs istənilən universitetdə əlavə təhsil ala bilər. Hətta kollecdə də təhsilini davam etdirə bilər. Amma kollec məzunları yalnız yenidən kollecdə təhsil ala bilərlər. Əlavə təhsil forması əyani və qiyabi olmaqla iki yerə bölünür. Amma bəzi ixtisasların, xüsusilə də tibb sahəsinin əyani forması mövcud deyil" deyə Rizvan Fikrətoğlu yekunlaşdırıb.

Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 20 may 2019-cu il tarixli 230 nömrəli Qərarı, orta ixtisas təhsili müəssisələrinə bakalavrların və subbakalavrların qəbulunu və ya bakalavriat səviyyəsinə köçürülməsini tənzimləyən əsas sənəd kimi fəaliyyət göstərir.

Qərara əsasən, subbakalavrlar və bakalavrlar qəbul imtahanlarında iştirak etmədən ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul oluna bilərlər. 

Türkan İsgəndərli

tag: Rizvan Fikrətoğlu,Ekspert,Elm,Təhsil,Todaypress.az,

photo