"Həmin adamlara görə müəllimlərin nüfuzu düşür" - Misir Mərdanov QƏZƏBLƏNDİ
“Hazırda müəllimlərin nüfuzunun aşağı olmasının bir çox səbəbləri var. Bu, nə 1 günün, nə də 10 ilin işi deyil”.
Sabiq təhsil naziri, professor Misir Mərdanov bunu TodayPress-ə müsahibəsində deyib.
O, səbəblərdən biri kimi müəllim vəzifəsini icra edən şəxsin özünü göstərib:
“Müəllim gərək davranışından, özünün bilik və bacarıqlarından, ədalətliliyindən, gediş-gəlişindən, hətta geyimindən nümunə olmağa çalışsın. O zaman müəllimə qarşı hörmət olar. Təəssüf ki, son dövrlərdə, hətta 10-15 il bundan qabaq da sadalanan davranış qaydalarına əməl etməyən, özünü buna uyğun hazırlamayan müəllimlər olub. Bunun nəticəsidir ki, müəllimlərin nüfuzu düşməyə başlayıb”.
Professor hesab edir ki, cəmiyyətdə hər kəs başa düşməlidir ki, insanın yetişməsində, vətəndaş hazırlığında, müəllim və valideyn - hər biri təxminən 30 faiz rol oynayır. Təəssüf ki, bizdə valideynlər bu prossesdə iştirak etmirlər:
“Bizdə valideynlər elə düşünürlər ki, uşağı dünyaya gətirdim və məktəbə qoydumsa, bütün problemlər də elə oradaca həll olunmalıdır. Amma elə deyil. Hər bir valideyn bilməlidir ki, bu onun övladıdır və əvvəl-axır məktəbi bitirdikdən sonra da onun övladı olaraq qalacaq. Ona görə də valideyn həm özü məsuliyyət daşımalı, həm də məktəb rəhbərliyi və dərs deyən müəllimlə arasında səmimi münasibət qurmalıdır”.
M. Mərdanovun qənaətincə, müəllim də şagirdin hansı potensiala sahib olduğunu müəyyən etməlidir. Bundan sonra fərdi olaraq şagirdlər üçün yol xəritəsi seçməlidir ki, onların hər biri cəmiyyət üçün faydalı fərd olsunlar. Bu, təhsilverənin əsas işidir. Əgər müəllim bu yolla getsə, onun nüfuzu da yüksələcək.
Töhfə Səməd
tag: Müəllim,Nüfuz,Misir Mərdanov,todaypress.az,