“Günah təhsil sistemində yox, valideynlərdədir” - Pediatr AÇIQLADI
Elm və Təhsil
02.12.2024 16:17
Qış fəsli yaxınlaşdıqca gündüzlər qısalır, gecələr isə uzanır. Belə olduqda məktəblərin ertkən saatda başlaması, şagirdlərin hələ hava aydınlanmamış təhsil ocaqlarına tərəf yol alması yenidən gündəmə gəlir. Təhsil üzrə ekspert Kamran Əsədov öz “Facebook” profilində yazıb ki, əgər böyüklər, işgüzar insanlar günə saat 9-da başlayırsa, niyə uşaqlar – daha çox yuxuya və dincliyə ehtiyacı olanlar daha erkən saatlarda, saat 8-də məktəbə getməlidir? Bu, təkcə məntiqsiz deyil, həm də uşaqların fiziki və zehni sağlamlığına zərər verir.
“Uşaqların inkişafı üçün yetərli yuxu çox vacibdir. Erkən qalxmaq onların yuxu ritmini pozur, dərslərə diqqətini azaldır və ümumi sağlamlığına mənfi təsir göstərir” deyə o bildirib. Bəs görəsən həqiqətən də erkən oyanmaq sağlamlığa mənfi təsir göstərir?
TodayPress-in müvafiq suallarına həkim-pediatr Zabitə Abbasova cavab verdi ki, istər kiçik, istərsə də böyük, hər kəs mütləq ki, yuxusunu tam almalıdır. Kifayət qədər dincəlmədikdə isə bu, insanın əhval-ruhiyyəsinə, davranışına və psixoloji sağlamlığına pis təsir göstərir.
Lakin o, uşaqların yuxusunu tam ala bilməmələrinin günahkarı kimi, təhsil sistemini yox, birbaşa valideynləri göstərdi:
“Ana və atalar mütləq formada övladları ilə vaxt keçirməli, onları havaya çıxarmalı və düzgün qidalanmalarını təmin etməlidirlər. Bundan başqa, elektron cihazlara sərf olunan günlük vaxt azaldılmalı, televiziya qarşısında çox oturulmamalıdır. Erkən saatlarda oyanıb məktəbə gümrah getmələri üçün isə gecə gec saatlara qədər qalmamalıdırlar. Günlük 8-10 saat yatmış və yuxusunu tam almış şəxslər üçün səhər tezdən oyanmaq heç də problem deyil. Uşaq əgər günlük olaraq yorğun olursa, o zaman valideyn məsuliyyət daşımalı və sadalananları yerinə yetirməlidir”.
Töhfə Səməd
tag: Şagirdlər, Təhsil, Valideynlər, Zabitə Abbasova, Yuxu, todaypress.az,